"Qadınlar ərlərindən istədiklərini bir sıra hallarda ala bilmirlər. Buna rəğmən, bəzən yerli, ya da yersiz şəkildə təhqir edilirlər. Yenə də ümumiləşdirmək olmaz. Özünü normal ifadə edə bilən, sözünü, yerini bilən qadınlara Azərbaycan cəmiyyətində hörmət sonsuzdur".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycan qadını azad olmasaydı, beynəlxalq tribunalarda çıxış edə bilməzdi: "Azərbaycan qadını necə azad deyil ki, elə jurnalist xanımlar gün ərzində fərqli mövzularla bağlı müsahibələr alır, bir neçə adamın məsələyə münasibətini öyrənir. Yəni, elə jurnalist qadınların timsalında Azərbaycan xanımının necə azad olduğunu görmək mümkündür. Yüzlərlə, minlərlə qadın jurnalistlərimiz fikirlərini sərbəst ifadə edir, həm müsbət, həm də mənfi hadisələrlə bağlı şərhlər edirlər. Müxtəlif sahələrdə ixtisaslaşmış qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Millət vəkili, nazir müavini, komitə sədri, qeyri-hökumət təşkilatlarının nümayəndələri kimi öz fikirlərini daim ictimaiyyətin diqqətinə çatdıra bilirlər. Bir çox hallarda qadınların dövlət qarşısında qaldırdığı məsələlər həyata keçirilir. Kim deyə bilər ki, Azərbaycanda qadın azad deyil?! Bu, sadəcə ölkəmizin nüfuzuna xələl gətirmək istəyinin nəticəsidir. Ola bilər ki, hardasa bir qadın incidilə, zorakılığa məruz qala bilər. Amma bu hadisəni ümumiləşdirərək "Azərbaycan qadını azad deyil" ifadəsini işlətmək doğru deyil. Bu fikirlə qətiyyən razı deyiləm və Azərbaycan xanımına belə ifadələri yaraşdırmıram. Axı müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ verən dövlətin Azərbaycan olduğunu bilirik. Bu gün qadınlar ölkəmizi beynəlxalq aləmdə təmsil etmək üçün seçilirsə, deməli, onlar azaddırlar".