Qarşıdan 9 fevral parlament seçkiləri gəlir. Sevindirici haldır ki, ölkəmiz və xalqımız üçün taleyüklü prosesdə jurnalistlərimiz də iştirak edirlər. Onların hər birinə uğurlar arzulayıram. Uğurlar arzuladığım, qələbəsinə inandığım həmkarlarımdan biri də “Yeni Müsavat” qəzetinin baş redaktoru, illərin dostu Rauf Arifoğludur. Rauf bəy Milli Məclisin deputatı olmağa layiqdir. Bunu birmənalı şəkildə, əminliklə söyləmək mümkündür. Fikrimi əsaslandırmaq üçün bir neçə məqama toxunacam.
R.Arifoğlu 30 ildir ki, jurnalistikada külüng vurur. Onun topladığı böyük mənəvi kapital var. Rəhbərlik etdiyi “Yeni Müsavat” qəzeti ölkənin ən tirajlı, ictimai rəyə əsaslı təsir göstərə bilən kütləvi informasiya vasitələrindəndir. Hesab edirəm ki, təkcə bu amil R.Arifoğlunun parlamentdəki deputat yerinin çəkisini müəyyənləşdirmək baxımından yetərlidir.
Rauf bəy zəhmətkeş insandır. Bir qəzeti qurmaq və 30 il ayaqda saxlayaraq lider mövqeyə çıxarmaq, müasir dövrün tələbləri ilə uyğunlaşdırmaq əzmi onu deməyə əsas verir ki, R.Arifoğlu parlamentdə yalnız konkret seçki dairəsinin deyil, bütövlükdə ölkənin əməksever vətəndaşlarının səsi olacaqdır. Tam əminəm ki, o, paytaxt, bölgə fərqi qoymayacaqdır. Harada problem, çətinlik varsa, o yerdə Rauf Arifoğlu da görünəcək ki, insanların dadına yetsin, kömək əlini uzatsın.
R.Arifoğlunun jurnalistlik fəaliyyəti ona geniş ictimaiyyətdə tanınmaqla yanaşı, problem və çatışmazlıqları daha yaxından görmək imkanı yaradıb. Milli Məclis isə prinsip etibarilə cəmiyyəti narahat edən məsələlərin həllinin qanunvericilik müstəvisində tapdığı tribunadır. Rauf bəyin qanun yaradıcılığı prosesinə müstəsna töhfə verəcəyi qənaətindəyəm.