Son vaxtlar “Azərsu” ASC suya borcu yaranan şəxslərə qarşı sərt tədbirlər görür.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, vətəndaşlar arasında illərlə suyun ödənişini etməyən abunəçilər var:
“Bu gün qanunsuz istifadənin qarşısını almaq məqsədilə gördüyümüz tədbirlər nəticəsində aşkarlayırıq ki, bəzi şəxslər 1-2 ildir su xətti çəkməsinə baxmayaraq, “Azərsu”da uçotu yoxdur. Qanunvericiliyə görə həmin şəxsin su təminatını dayandırmalıyıq, amma biz onu abunəçi kimi sistemimizə qəbul edirik. Bakının ətraf ərazilərindən həmişə şikayət yazırdılar ki, yayda 3 maşın su gətirib, 60 manat pul ödəyirlər. Biz qəsəbəyə su çəkdik və təhlillər apardıq. Məlum oldu ki, bir ayda 60 manat suya pul verib alan şəxslər bu gün 17-18 manat aylıq borcunu ödəmir. Nəzərə almaq lazımdır ki, bizim xidmət səviyyəmiz də ödənişdən asılıdır. Bununla əlaqədar “Azərsu” ASC son vaxtlar suya borcu olan vətəndaşlara qarşı çox ciddi tədbirlər görür. Hətta bir neçə jurnalist belə suyu kəsilməsin deyə hissə-hissə ödəniş üçün məndən xahiş edib. Jurnalist var ki, bu gün 600 manatdan çox borcu var. Bəzi şəxslər isə 7-8 ildir suyun ödənişini etmir. Asfaltlanmış yollarda yeraltı xətlər olduğu üçün onların suyunu kəsmək imkanımız yoxdur”.