Pravda.az Milli Məclisin komitə sədri Ziyafət Əsgərovla müsahibəni təqdim edir:
- Ziyafət müəllim, Tokio Yay Olimpiya oyunlarına qatılan Azərbaycan idmançılarının yarışlarını izləyirsinizmi, kimlərdən qızıl medal gözləyirsiniz?
- Bəli, Tokio Yay Olimpia oyunlarını izləyirəm. İndilərdə bizim güləşçimiz Hacı Əliyev çıxış etməlidir. Bir azdan mübarizəyə qoşulacaq. Onu izləyirəm (Hacı Əliyev gümüş medal qazandı-red.). Karateçimiz Rafael Ağayevdən də qızıl medal gözləyirdik. Çox təəsüf ki, olmadı. Amma gümüş medal da pis deyil.
Rafael onsuz da özünü təsdiq etmiş idmançıdır. Bizim üçün onun hər uğuru qızıl medala bərabərdir. Çünki Rafael dünyada “karatenin brilliantı” hesab olunur. Elə də var. Bundan sonra da inşallah elə olacaq. Mən bilirəm ki, ona qarşı hakimlərin müəyyən haqsızlığı da oldu. Amma hər bir halda Rafael bizim üçün dəyərlidir. Sözsüz ki, digər idmançılarımızdan da yaxşı nəticələr gözləyirik. Hər halda ümidliyəm.
- Sizcə, pandemiya idmançıların özlərini daha yüksək səviyyədə göstərməsinə necə təsir edib?
- Sözsüz ki, istər-istəməz pandemiya öz təsirini göstərib. Bütün dünyadan olan idmançılar Olimpiya oyunlarına qatılır. Pandemiya da hamını əhatə edib. Elə idmançılar ola bilər ki, onlar ürəkləri istəyən qədər məşq edə bilməyiblər.
- Hansı idman növü sizin maraq dairəsinə daha yaxındır?
- Özüm 7 il voleybolla, 3 il ağırlıq qaldırma, 20 ildir üzgüçülüklə məşğul oluram. Bu idman növlərinə böyük sevgim, marağım var.
- Futbolla aranız necədir?
- Futbolla da aram yaxşıdır. Bu idman növünü də xoşlayıram. Maraqsız idman yoxdur. Hər bir idman növü öz-özlüyündə gözəldir.