Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Məruzə edilib ki, avqustun 22-dən İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.