Bu ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən verilən məlumata görə, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.