Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları da artıb. Bu isə yoluxma hallarının artmasına, bununla yanaşı dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulmasına səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır.
Pravda.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov saxta vaksin sertifikatı barədə sualı cavablandırarkən bildirib ki, ölkə başçısının beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb. Vətəndaşların seçim imkanı var. Saxta peyvənd sertifikatı verənlər isə pandemiya ilə mübarizədə görülən işlərə zərbə vurur. Saxta sertifikat alandan sonra virusa yoluxanlar, o cümlədən vəziyyəti ağırlaşanlar statistikada “peyvənd olunmuş” kimi qeyd edilirlər. Bu da insanlar arasında peyvəndə qarşı inamsızlıq yaradır. Halbuki, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır.