BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əli Kərimlinin səhifəsi dağılsaydı, indi yeri-göyü titrədirdiniz” – Arif Hacılının qardaşından Tofiq Yaqubluya CAVAB

Tofiq Yaqublu Milli Şuranın sədri Cəmil Həsənlini iqtidarın parlamentdə görmək istədiyi seçici siyahısını yaydığı üçün tənqid edənlərə irad tutur ki, onlar guya İlham Əliyevə etiraz etmirlər. Onun yazdıqlarından belə çıxır ki, seçkilərdə iştirak edən musavatçıların hədəfi heç də seçkini saxtakalaşdıranlar deyil, bu saxtakarlığı ifşa edənlərdir. Bu konkret siyasi mövqedir və bununla bağlı öz düşüncəlirimi bildirməyi zəruri hesab edirəm.

 

Hörmətli Tofiq bəy! Sizinlə aramızdakı münasibətlər əslində doğma adamların bir-birinə olan münasibətidir. İncikliyimiz də, siyasi proseslərə fərqli baxışlarımız da olub,amma bu doğma insanlar arasında olan münasibətlər səviyyəsindən kənara çıxmayıb.Ümid edirəm indidən sonra da çıxmaz.

 

Mən fikir verirəm ki, Siz əslində Musavata qarşı ən qatı müxalifət mövqeyində olanlardan daha çox Musavata zərbə vurursuz. Çünki, tək qapıya oynayırsız. Sizin müxalifətə qarşı mövqeyinizə adekvat cavab verən yoxdur. Siz ittiham edirsiz, müsavatçılar müdafiə olunur, Sizə izahat verirlər. Sizdən hesab soran isə yoxdur.

 

İndiki halda seçkiləri baykot etmək iqtidara (oxu: irticaya) ən böyük xidmətdir. Bu günə qədər qeydə alınan deputatlığa namizədlərdən 317 nəfər namizədliyini geri götürüb. Onların içərisində mənim şəxsən tanıdığım adamlar da var. Seçicilərin səsini qazanmaq imkanı olan, müxalifətlə məsafə saxlayan, "islahatları dəstəkləyirik" şüarı ilə seçki prosesinə qatılan, profillərində İlham Əliyevin və Mehriban Əliyevanın şəkillərini paylaşıb iqtidara loyal olduqlarını açıq şəkildə bəyan edən deputatlığa namizədləri icra strukturlarına çağırıb namizədliklərini geri götürməyə vadar edirlər. Niyə?

 

Sizin məntiqinizlə düşünsək iqtidara demokratik seçki görüntüsü çox lazımdı və seçkilərdə iştirak edənlər bu yolla iqtidara xidmət göstərirlər. Əgər belədirsə, elektoratla işləmək,seçiciləri fəallaşdırmaq üçün müəyyən resursları və şansı olan namizədlərə təzyiq göstərib seçkidən niyə uzaqlaşdırırlar? Deməli, Sizin və mənsub olduğunuz siyasi düşərgənin (oxu: Milli Şuranın) seçki taktikası iqtidara sərf edir. Çünki, onların demokratik seçki görüntüsü yaratmaqla bağlı planları qətiyyən yoxdur. Əgər belə planları olsaydı,onda real resursları olan bütün alternativ namizədləri seçkidən kənarlaşdırmağa nə ehtiyac vardı? Onlara demokratik görüntü yaratmaq lazımdırsa, niyə müxalifətin yeganə təbliğat tribunası olan Fb səhifələri haker hücumuna məruz qalır? Musavatın , Arif Hacılının Fb səhifələrini dağıdırlar, Əli Kərimlinin, Tofiq Yaqublunun səhifələri yerindədir. Niyə?

 

Yeri gəlmişkən, nə Sizin, nə Milli Şuranın bu kibercinayətlə bağlı siyasi mövqeyi hələ də məlum deyil. Bəyəm seçki kampaniyasının ən qızğın vaxtı Musavata aid bütün səhifələrin dağıdılmasının partiya üçün necə böyük bir problem olduğu Sizə aydın deyil? Əli Kərimlinin səhifəsi dağılsaydı yəqin ki, indi yeri-göyü titrədirdiniz. Musavata qarşı hücumlara niyə bu qədər biganəsiz?

 

Cəmil Həsənlinin paylaşdığı siyahı iqtidarın parlamentdə görmək istədiyi namizədlərin siyahısıdır. Bu siyahını yaymaq, əslində indiki şəraitdə bu siyahıda adı olanların reklamına xidmət edir. Onları təbliğ etməyə heç bir lüzum yox idi, çünki musavatçılarla, digər müxalifətçilərlə bərabər bəzi dairələrdə (məsələn, Zaqatalada) heç də müxalifətçi olmayan namizədlər gözlərində qorxu olmadan deputatların yuxarıdan təyin olunmasına qarşı cəsarətlə mübarizə aparır,hər cür təzyiqlərə dözərək seçiciləri bu dəfə onların iradəsinin sındırılmayacağına inandırmağa çalışırlar. Bu siyahının yayılması həmin namizədlərə dəstək verməkdə tərəddüd edənlərə əlavə arqument oldu ki, bu ölkədə seçici iradəsi ilə heç nəyi həll etmək mümkün olmayacaq.

 

Bəs sizlərin parlamentdə görmək istədikləriniz kimlərdir? Hansı dairədən kimin seçilməsini istərdiniz? Bu siyahını müəyyən edin və yayın. Onda bilinəcək ki, Siz və dəstəklədiyiniz Milli Şura irticanın müxalifətdəki uzantıları deyilsiniz, həqiqi müxalifətsiniz. Seçiciyə alternativi göstərin, çünki deputatlığa namizədlər arasında seçki dairələrinin mütləq əksəriyyətində layiqli namizədlər var.

 

Hörmətli Tofiq bəy! Sizi formal da olsa hələ də üzv olduğunuz siyasi partiyanın siyası kursuna dəstək verməyə və bu siyasi kursa qarşı açıq müxalifət mövqeyindən əl çəkməyə dəvət edirəm. Partiyanızın indiki dövr üçün siyasi kursu isə məlumdur: seçiciləri fəallaşdırmaq, onları qanuni, siyasi vasitələrlə ölkənin taleyini və öz talelərini dəyişdirməyə sövq etmək. Bu təkcə musavatçıların deyil, bütün vicdanlı adamların mövqeyidir.

 

Qeyd: yazının müəllifi Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır.

Tarix: 1 Fevral 2020, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin