Tarix boyu ənənəvi vaksinlərdən istifadə olunub və bunların sonsuzluğa və ya hər hansısa cinsi problemlərə səbəb olması halı müşahidə olunmayıb.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, tarix boyu bu məsələ müzakirə mövzusu olmayıb və yalnız cəmiyyət arasında lazımsız yerə durmadan tirajlanan mövzudur:
"Bu gün dünyada iki növ vaksin var. Biri mRNA, yeni nəsil peyvəndlərdir. Hansı ki, Pfizer bu qrupa aiddir. Digəri isə ənənəvi peyvəndlərdir.
Bunlar öldürülmüş virusun hissəciklərindən hazırlanır və reaksiya yaratması üçün fərqli şəkildə bədənimizə köçürülür. Ənənəvi peyvəndlərlə bağlı tarix boyu bu məsələ elmi müstəvidə müzakirə mövzusu olmayıb.
Lakin heç kim yüz faiz zəmanət verə bilməz ki, yeni növ vaksinlərin yan təsirləri olmasın. Amma unutmaq lazım deyil ki, biz ehtimallar üzərinə deyil, nəyin faydalı olduğu barədə düşünməliyik.