Covid 19 və onun məlum ştammlarına yoluxma sayı artıb. Bu reallıqdır, lakin vəziyyətin ağırlaşması və ciddiliyini əks etdirən mütləq hal yox, yalnız statistika ilə təsdiqlənən nisbi reallıqdır. Odur ki, heç bir karantin tədbirlərinə əl atılmamalı və heç bir qadağa qüvvəyə minməməlidir. Unutmaq olmaz ki, viral infeksiyaya yoluxmanın qarşısını karantin tədbirlərilə müəyyən müddətə azaltmaq olar, lakin tamamilə aradan qaldırmaq olmaz. Bu halda təkrari “alovlanma” qaçılmazdır. İnfeksiyanın tam sönməsinin başlıca şərti isə, yalnız yoluxmanın əsasında duran səbəblərin aydınlaşdırılması, aradan qaldırılması, eləcə də müalicə və profilaktik tədbirlərin düzgün qurulmasıdır.
Covid 19-a yoluxmanın yeganə yolu, birbaşa tənəffüs kontaktıdır. Yəni, nəfəs-nəfəsə durmaq (məsələn, qucaqlaşmaq, öpüşmək) və ya virusun toplandığı səthdən, nəfəsalma zamanı, tənəffüs havası ilə, sürətlə yuxarı tənəffüs yollarına çəkilməsidir (məsələn, müxtəlif tədbirlərdə eyni səsgücləndirici- “mikrofondan” istifadə zamanı və s.).
Məlum səbəbdən, artıq bir neçə gündür ki, ölkəmizin şimalı-qərb bölgəsindəyəm. Hazırda burada gördüyüm və müşahidə etdiklərim də, digər bölgələrdən fərqlənmir. Məsələn, əvvəllər bu bölgədə insanların, görüşərkən qucaqlaşması və ya öpüşməsini görməmişdim. Bu gün isə, burada belə ünsiyyət artıq adi hal alıb. Yəni, sadəcə olaraq, yalnız əl-ələ görüşmək vərdişi demək olar ki, yoxdur. Bütün hallarda əl-ələ görüşmək, nəfəs-nəfəsə dayanaraq, bərk-bərk gucaqlaşıb, bir neçə dəfə öpüşməklə yekunlaşır.
Bunları müşahidə etdikdən sonra, belə qərara gəldim ki, Covid 19 və onun ştammları haqqında söylənilənlər qeyri-reallıqdır. Reallıq olsa idi, bu ünsiyyət formasının nəticəsi kimi, hazırda gündəlik yoluxma 5; 6 və sair rəqəmli olmalı idi.
Digər həqiqət də odur ki, hər birimiz Covid 19-a yoluxmuşuq, yoluxuruq və ya yoluxacayıq. İstər bu xəstəliyi keçirməyənlər, istər keçirmişlər, istərsə də peyvənd olunmuşlar (peyvənd “nisbi xəstəlik modeli” yaratmaqla infeksiyaya qarşı aktiv immunitet formalaşdırır; bu hal Covid 19-a yoluxma ehtimalının qarşısını almır, yalnız yoluxma baş verdikdə, xəstəliyin simptomsuz və ya yüngül keçməsinıə təminat verir). Hətta, bu cür yoluxmalar əksər viral infeksiyalarda olduğu kimi, fəsli xarakter almaqla, ildə iki dəfə və daha çox ola da bilər. Lakin son iki halda, yəni xəstəliyi keçirmiş və ya peyvənd alanlar üçün bu yoluxmaların qorxusu yoxdur. Çünki onlar təkrari yoluxmada bu infeksiyanı yüngül və ya simptomsuz keçirəcəklər.
Digər tərəfdən, müşahidələrim söyləməyə əsas verir ki, hazırda ardıcıl olaraq mutasiyaya məruz qalan Covid 19, artıq bu xəstəliyi keçirməyən və ya peyvənd almayanlar üçün də, ağır gedişli fəsadlara səbəb ola bilmir. Şübhə etmirəm ki, bu hal məlum qanunauyğunluqla əlaqədardır: yəni, əksər viral infeksiyalarda olduğu kimi, SARS-CoV-2-nin də da təkrari yoluxdurma zamanı “virulentlik və potensial fəallığı zəifləyir”. Başqa sözlə desək, ən ağır viral infeksiyanın, ardıcıl yoluxdurduğu 3-cü şəxsdə letallıq əmsalı sıfırlanır. Çünki 3-cü ardıcıl yoluxdurmada o, RNT zəncirində böyük faiz nisbətində aminturşu itirməklə, artıq fəsli infeksiya statusu qazanır. Odur ki, gigienik qaydalara əməl etmək şərtilə, Covid 19 adı gələndə, stress düşmək, qorxmaq, həyəcanlanmaq və gərginlik keçirmək lazım deyildir. Çünki Covid 19 son bir il yarımda o qədər “bəlağətlə” tərənnüm olunur ki, hətta bu sözü eşidən insanda yaranan “ölüm qorxusu”, ruhi sarsıntıya, xronik xəstəliklərin aktivləşməsi, mübadilə və kəskin mədə-bağırsaq pozğunluğu, hətta kəskin saç tökülməsinə belə səbəb ola bilir.
Bir daha nəzərinizə çatdırıram- Covid 19 artıq ömürlük Bizimlə yol-yoldaşı olan, mövcud çoxsaylı viral infeksiyalardan biridir. Odur ki, ondan qorxmaq lazım deyildir. Bununla belə, bu infeksiyanın xüsusi praktik əhəmiyyət kəsb edən və dərin elmi araşdırmalara ehtiyacı olan bir çox incəlikləri öyrənilməlidir. Məsələn, Covid 19-a istər yoluxma, istərsə də onun fərdlərə qarşı həssaslığında xüsusi irsi, immun, genetik xüsusiyyət və gizli məqamlar mövcuddur. Bu işə məsul qurumlar, xüsusi monitorinq yolu ilə elmi araşdırmalar apararaq, bu fərqliliklərə aydınlıq gətirməlidir. Bunlar reallıqdan qaynaqlanan həqiqətdir. Məsələn, bir ailənin 10 üzvü vardlr və onların hamısı Covid 19-a yoluxur. Bunlardan 2-si xəstələnərək dünyasını dəyişir, 3 nəfəri modulda oksigen aparatına qoşurlar, yəni xəstəliyi ağır keçirir, 3 nəfərdə yüngül qrippoz əlamətlər olur, 2 nəfər isə, ümumiyyıtlə xəstələnmir. Nəyə görə? Baxın, tək Bizim yox, dünya Səhiyyəsində öyrənilməsi zərurət olan, lakin nəyə görəsə öyrənilməsinə maraq göstərilməyən əsas məsələ budur. İnfeksiyanın yayılması və artımının qarşısının alınmasına əngəl və
maneə olan digər əsas səbəb isə, bu infeksiyadan dünyasını dəyişmiş şəxslərin təşrihinin nəticələri haqqında məlumatın azlığı və ya heç olmamasıdır. Səbəb nədir?... Bəli bu kimi araşdırılası və dəqiqləşdiriləsi cavabsız suallar hazırda çoxdur.
Maraqlı məqamlardan biri də odur ki, ÜST təkcə “Delta” ştammı ilə mübarizə üçün dünya ictimaiyyətindən 7,7 milyard dollar pul istəyir. Bu Covid 19-un sıra nömrəsilə 4-cü ştammıdır. Axı onun genom fərqliliyi göstərən və növbəti aylarda elan olunacaq daha 20 ştammı vardır. Bəli düşünüləsi, yenə də düşünüləsi və təkrar-təkrar düşünüləsi məqamlar çoxdur... Qoy Uca Tanrı hər birimizin köməyi, yardımçısı və qoruyucusu olsun...
Son olaraq bildirmək istəyirəm ki, Covid 19 adı gələndə təlaşa düşüb, həyəcan keçirməyin. Sadəcə olaraq, adi gigienik qaydalara əməl edin, xüsusən görüşmə zamanı qucaqlaşma və öpüşməyə kimi ünsiyyət formasına son nöqtəni qoyaraq öz həyatınızı yaşayın.
P.S. Mənim hazırda ürəyimi ağrıdan və heç cür qəbul edə bilmədiyim hal, tanıdığım əksər insanların “yazıq və ümüdsüz” görkəmidir. Nəsə yazmağa vaxtım və həvəsim olmasa da, bunları məhz həmin insanlara mənəvi dayaq olmaq üçün, zərurətdən yazdım.
Tibb elmləri doktoru, professor Musa Qəniyev
Professor: "Alovlanma" qaçılmazdır