“Hesab edirəm ki, Talibanın fəaliyyəti təkcə Əfqanıstanla yekunlaşmayacaq, taliblərin qonşu ölkələrdə də bir sıra addımlara cəhdləri ola bilər. Bir sözlə, yaxın perspektivdə sözügedən bölgədə - Mərkəzi Asiyada vəziyyətin getdikcə gərginləşəcəyini demək olar. Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstan və bölgədə yeni terror qruplaşmaları ortaya çıxa bilər. Bu, digər ekstremisləri də hərəkətə keçməyə həvəsləndirəcək”.
Politoloq Ramiyə Məmmədovanın müsahibəsini təqdim edirik.
- Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Bundan sonra bölgəni nə gözləyir?
- ABŞ hərbi qüvvələrini geri çəkdikdən sonra Taliban dərhal hərəkətə keçdi. Yaranmış fürsətdən istifadə edən taliblər ən qısa vaxtda ölkə və hakimiyyəti zəbt etdi. Bu, Prezident Əşrəf Qaninin ölkədən qaçması ilə nəticələndi. Əvvəlcə Tacikistana üz tutan Qani hakimiyyətdən tamamilə əl çəkdi. Hesab edirəm ki, Əfqanıstanda vəziyyət getdikcə gərginləşir və bu da yaxın perspektivdə qonşu ölkələrə də öz təsirini göstərəcək, bu proses də artıq başlayıb. Əvvəlcə rus qoşunlarının, daha sonra Amerika hərbi qüvvələrinin zəbt etdiyi Əfqanıstan illərdir heç bir inkişafa nail ola bilmir.
Görünən budur ki, hegemon güclər olduqca strateji mövqedə yerləşən Əfqanıstanın inkişafına bilərəkdən mane olurlar. Bu da Əfqanıstanı xarici oyunçularla yanaşı, Taliban kimi daxili qüvvələrin də müharibə meydanına, açıq narkotik və silah bazarına çevirib. Bütün bunlar Əfqanıstanın inkişafı qarşısında ciddi maneələr yaratdı.
Hesab edirəm ki, Talibanın hakimiyyətə gəlməsi də Əfqanıstana yaxşı heç nə vəd etmir. Çünki taliblər ölkədəki şəriət qanunlarının daha da sərtləşdirilməsindən, Əfqanıstan İslam Əmirliyinin qurulmasından danışırlar. Görünür, Talibanın irəli çəkdiyi sərt qaydalar Əfqanıstanda yaşayan hər kəsə təsir edəcək.
Qənaətimə görə, Əfqanıstanda şəriət qanunlarının radikal formada sərtləşdirilməsi bölgənin digər dövlətləri üçün də təhdiddir. Rusiyanın özü burada böyük bir hədəylə üzləşir. Çünki Rusiyanın da Əfqanıstan və bölgədə böyük maraqları var. Bu hədələrdən yayınmaq istəyən Moskva Əfqanıstanın yeni hökuməti ilə anlaşmağa məcbur olacaq. Bununla belə, hesab edirəm ki, Talibanın fəaliyyəti təkcə Əfqanıstanla yekunlaşmayacaq, taliblərin qonşu ölkələrdə də bir sıra addımlara cəhdləri ola bilər. Bir sözlə, yaxın perspektivdə sözügedən bölgədə - Mərkəzi Asiyada vəziyyətin getdikcə gərginləşəcəyini demək olar. Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstan və bölgədə yeni terror qruplaşmalarının ortaya çıxa bilər. Bu, digər ekstermitsləri də hərəkətə keçməyə həvəsləndirəcək.
- Taliban Əfqanıstanda hərbi qüvvələrini saxlayan Türkiyə ilə anlaşa biləcəkmi?
- ABŞ-ın Əfqanıstandan çıxmasından sonra orada müəyyən həcmdə NATO qüvvəsi saxlanılmalıydı. Bu da NATO-nun müsəlman üzvü Türkiyəyə həvalə olundu. Türkiyə Prezidenti Ərdoğan öz açıqlamasında bildirdi ki, vaxtilə ABŞ-la anlaşan Taliban indi Türkiyə ilə bir masa ətrafında oturmalıdır. Yəni yeni hökumət NATO missiyası çərçivəsində Türkiyənin bu ölkədəki varlığını qəbul etməli və anlaşmalıdır. Talibanın özü də son açıqlamasında Türkiyə ilə düşmən olmadığını bildirdi, hətta onu “qardaş ölkə” adlandırdı. Eləcə də Türkiyə ilə yaxın əlaqələr qurmaqda maraqlarını ifadə etdi. Bunun üçün Ərdoğana xahişlərini çatdırdı. Amma digər yandan da, Kabildə qalacaq ikinci və ya üçüncü ölkələrin hərbi qüvvələrinə düşmən gözləri ilə baxacaqları kimi mesajlar da verirlər. Təbii ki, Taliban heç vaxt verdiyi vədləri yerinə yetirməyib. Bundan əvvəl də Əfqanıstanda hakimiyyətdə olan taliblər vədlərinə əməl etməyiblər.
Ankaradan verilən son mesajlar budur ki, Taliban ABŞ-la olduğu kimi, Türkiyə ilə də anlaşmalıdır. Əks təqdirdə, Əfqanıstanda tamam başqa olaylar cərəyan edə bilər. Söhbət yeni hərbi əməliyyatların başlanmasının mümkünlüyündən gedir. Əfqanıstan bu gün elə bir durumdadır ki, xarici ölkələr oradakı səfirlik və vətəndaşlarını çıxarmağa başlayıb. Taliban elə bir xof yaradıb ki, hər kəs narahatdır və çıxış yolunu Əfqanıstandan uzaqlaşmaqda görür. Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə açıqlama verdi ki, Kabildəki Türkiyə səfirliyi qalacaq və öz fəaliyyətinə davam edəcək. Bu da Türkiyənin Əfqanıstana göstərdiyi loyal münasibətdir ki, onunla sövdələşməyə getmək istəyir. Hesab edirəm ki, Türkiyədən verilən mesajlar və atılan addımlar Talibanla anlaşmanın əldə olunacağından xəbər verir. Əks halda, Türkiyəyə təhdid yaranarsa, buna adekvat cavablar veriləcək.