"Mən hələ indiyə kimi Azərbaycanda Məhərrəm ayında toy mərasiminin keçirilməsi ilə rastlaşmamışdım. Nə vacibdir?! Gəncləri başa düşürəm, bəs toyu təşkil edən valideynlər, ağsaqqallar?! Onlar axı bilirlər ki, Məhərrəm ayında toy təşkil etmək olmaz".
Bunu Pravda.az-a açıqlamasında Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev deyib.
Bildirib ki, Bakı kəndlərində toy mərasimi təşkil etməzlər, çünki toya gedən tapılmaz: "Biabırçılıq olar. Sünni də azərbaycanlıdır, şiə də. Sünni də müsəlmandır, şiə də. Nəzərə almaq lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə Aşurada iştirak edib. Ola bilər ki, Türkiyədə Məhərrəm ayında toylar təşkil edilir, onlar da Aşuranı bilir və tanıyırlar".
Deputat, həmçinin İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın Məhərrəm ayında toy təşkil edilməsi ilə bağlı açıqlamasına münasibət bildirib: "Allah bütün gəncləri xoşbəxt etsin. Allah eləməsin ki, Məhərrəm ayında toy edənlər bədbəxt olsunlar. Belə demək günah olar".
Nəzrin Cavid