Bir vaxtlar gənc şair, yazar və jurnalistlərdən tutmuş bütün yaradıcı insanların həvəslə üz tutduğu bir məkan var idi. Azərbaycan nəşriyyatı. Bu əzəmətli binaya daxil olmaq, Azərbaycan ədəbi mühiti, jurnalistika cameəsi ilə canlı olaraq qarşılaşmaq kimin arzusu deyildi ki? Bəs indi necə, nəşriyyatın binasında neçə tanınmış sima, jurnalistlə qarşılaşmaq mümkündür?
Pravda.az-ın məlumatına görə, Azərbaycan Nəşriyyatının indiki halı bərbad vəziyyətdədir. Nimdaş görünüşlü binanın içərisində baş verənlərdən yəqin ki, çoxlarının xəbəri yoxdur. Azərbaycan Nəşriyyatı biganəliyin, özbaşınalığın girovuna çevrilib. Bir neçə mərtəbəni çıxmaq şərtilə bu bina mətbuat, media anlayışına antonim vəziyyətindədir. Bir zamanların mətbuat yükünü daşıyan Azərbaycan Nəşriyyatı niyə bu günə düşüb?
Hazırda cəmiyyətdə söz sahibi olan hansısa mətbuat orqanı Azərbaycan Nəşriyyatında yerləşmir. Redaksiya axtaran şəxslər əvvəl hamının cəm halında olduğu nəşriyyat binasına gələrək işini asanca görə bilirdi. İndi isə param-parça olmuş qəzet, informasiya agentliyi və ya digər mətbu orqanlar səpələniblər paytaxtın min biir tərəfinə. Səbəb? Çünki Azərbaycan Nəşriyyatı sağlam jurnalistika üçün maddi və mənəvi meyarlara artıq sahib deyil. Əvəzində bu böyük bina mətbuatdan başqa hər işi görən insanların fəaliyyət sahəsinə çevrilib. Mebel salonu, dərzi, avtomobil təmiri və qapı-pəncərə sexi, çörək bişirmə müəssisəsi və daha nələr, nələr...