Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Çasa”, “Trud”, “Standart”, “Duma”, “Kircaali Haber” qəzetləri, Novini 24/7 xəbər portalı, həmçinin “Fokus” və “Cross” xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.
Pravda.az-ın məlumatına görə, “Prezident İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmiş, ərazi bütövlüyünü və ədaləti bərpa etmişdir”, “İlham Əliyev: Zəngəzur koridoru vasitəsilə Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqələri əldə edəcəkdir”, “İlham Əliyev mina xəritələrinə görə Yerevanı tənqid edir”, “İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmişdir” sərlövhəli məqalələrdə Azərbaycan Prezidentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ədalətsizlik və beynəlxalq hüququn norma və prinsiplərinin pozuntusu kimi qiymətləndirdiyi bildirilir. 44 günlük müharibədə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi və ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilir. Qeyd olunur ki, Ermənistanın əvvəllər işğal altında olan Azərbaycan ərazilərində kütləvi şəkildə minaları yerləşdirməsi nəticəsində 150-dən çox mülki şəxs və hərbçi həlak olub və ya yaralanıb. Əlavə olunur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir və artıq təqdim etdiyi xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.
Məqalələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və reabilitasiyası üçün kifayət qədər maliyyə vəsaitinin səfərbər olunması, real vəziyyətlə yerində tanış olmaq üçün yerli və xarici media nümayəndələrinin, rəsmi şəxslərin və ictimai xadimlərin həmin bölgələrə səfərlərinin getdikcə artması qeyd olunur.