Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müsahibə verib. Əslən Zəngəzurdan, Qarakilsədən olan parlamentarla aylar öncə etdiyimiz Zəngəzur söhbətini davam etdirdik, dövlət başçısının imzaladığı sərəncamların, səsləndirdiyi bəyanatların məntiqi davamı olaraq.
- Fəzail bəy, yay tətilində olsanız da, yəqin ki, dövlət başçısının Qarabağa son səfərini, həmçinin səsləndirdiyi bəyanatları, dost-düşmənə ünvanlı açıqlamalarını izlədiniz. Sizdə hansı qənaət yaranıb bu fikirləri izləyəndən sonra?
- Mən etiraf edim ki, istər Azərbaycanın xarici, istərsə də daxili siyasətində, həm də xüsusi olaraq işğala məruz qalmış torpaqlarımızın azad olunması uğrunda mübarizə və torpaqlarımızın azad edilməsindən sonrakı proseslərə cənab prezidentin sistematik, ardıcıl, biri digərini tamamlayan, davamlı, prinsipial, həm də dinamik xarakter daşıyan mövqeyini diqqətlə izləyir, təhlil edir, ondan nəticə çıxararaq öz fikirlərimi söyləyirəm. Yəqin siz də müşahidə eləmisiniz ki, ilk vaxtlarda deyilən fikirlər sonradan bu və ya digər dərəcəsə öz təsdiqini tapır. Cənab prezident, Ali Baş Komandan fərqli bir dövlət xadimi və siyasətçidir. Onun fəaliyyəti çox dərin analitikaya söykənir və bu da birbaşa cənab prezidentin şəxsi keyfiyyətləri, istedadı, bacarığı ilə bağlıdır. Siz yəqin mənimlə razılaşarsınız ki, dünya şöhrətli qroysmesterlər şahmat taxtası üzərində ən azı on gedişi özü üçün müəyyənləşdirir və orada kombinasiya qurmağı bacarır, nəticədə rəqibi üzərində qələbə qazana bilir. Yüksək səviyyəli siyasi qroysmester kimi, İlham Əliyev 2003-cü ildən bu günə qədər və sabah da, daha bir neçə illər daxil olmaqla aparmış olduğu müşahidələr və bu müşahidələrə söykənən təhlillər əsasında, məncə, bütün hədəfləri müəyyənləşdirib. Bu hədəflərdən ən mühümü, yəni torpaqlarımızın işğaldan azad edilməsi mərhələsi başa çatıb. Düzdür, orada müəyyən çatışmazlıqlar, müəyyən elementlər var. Ərazimizdə müvəqqəti yerləşən sülhməramlı qüvvələrin himayəsi altında yaşayan separatçı tör-töküntülər mövcuddur. Əminəm ki, yaxın zamanlarda onlar ya ölkəmizi gizli şəkildə tərk edəcəklər, yaxud da onlar aparılmış olan lokal əməliyyatlarla məhv ediləcəklər, buna mənim qətiyyən şübhəm yoxdur. O zaman uzaqda deyil, hadisələrin gedişi də buna doğru gedir.
- Son müsahibələrimizin birində sizdən “Zəngəzura gedəcəyimiz günə çoxmu qalıb”, soruşanda əminliklə “az qalıb” demişdiniz. Bundan sonra dövlət başçısı Şərqi Zəngəzur iqtisadi zonası ilə bağlı sərəncam imzaladı, Qərbi Zəngəzurla bağlı çox önəmli açıqlamalar, bəyanatlar verdi. Ölkə başçısının əminliklə ifadə etdiyi mövqe elə bir təsəvvür yaradır ki, artıq Zəngəzur həsrətinə son veriləcəyi zamana da çox qalmayıb.
- Ölkə prezidentinin söylədiyi hər bir sözün, fikrin arxasında reallıq dayanır. Biz dəfələrlə görmüşük ki, İlham Əliyevin bir siyasətçi kimi demiş olduğu sözü ilə əməli bir-birini yüzdə-yüz tamamlayır. Burada hətta 1 faiz də kənara çıxma halları yoxdur. Ona görə də bizim dəyərli xalqımız ölkə prezidentinin çıxışlarına çox diqqətlə qulaq asmalı, öyrənməlidir. O zaman artıq onun üçün işğaldan azad edilmiş torpaqlarımızın azad edilməsindən sonrakı proseslərə də zərrə qədər sual ortaya çıxmayacaq. Çünki onların hamısı aydın şəkildə deyilir, fikir ifadə olunur, tezis qoyulur, mesajlar verilir. Biz o fikirləri de-şifrə etsək, görərik ki, həmin fikirlərin arxasında çox ciddi hədəflər dayanıb. Vaxtilə, torpaqlarımızın azad olunması ilə bağlı çətinliyin içərisində yaşadığımız zaman içərisində ümumiyyətlə, Zəngəzur anlayışının reallaşması və dünya səviyyəsində onun bir siyasi və coğrafi leksikon kimi qəbul edilməsini təsəvvürə gətirə bilərdikmi? Düşünürəm ki, buna cavab birmanənalıdır: Yox! Cənab prezident bunu da reallığa çevirir. Şərqi Zəngəzur iqtisadi rayonunu təsis etməklə özünün də dediyi, bizim də söylədiyimiz kimi, deməli, Zəngəzurun Şərqi varsa, Qərbi də var. Bu torpaqlar isə Azərbaycanın tarixi torpaqlarıdır və biz ora qayıdacağıq! Cənab prezident bunu açıq şəkildə demir, necə, hansı yolla qayıdacağıq. Sadəcə olaraq deyir ki, həmin torpaqlar Azərbaycanın tarixi əraziləridir, biz ora qayıtmalıyıq və qayıdacağıq. Sadəcə olaraq çıxışlarının birində belə bir ifadə işlətdi ki, Zəngəzur dəhlizi açılandan, kommunikasiyalar işə düşəndən sonra oradan zorakılıqla deportasiya olunan vətəndaşlarımız, soydaşlarımız həmin yerlərə qayıdacaqlar.
- Qarakilsə sizin dədə-baba yurdunuzdur. Konkret olaraq siz oraya qayıdışı necə təsəvvür edirsiniz?
- Biz o torpaqlara təkcə oranın əbədi və əzəli sakinləri, min illər boyu orada yaşamış nəslin nümayəndələri kimi qayıdıb, qondarma və saxta Ermənistan dövlətinin himayəsinin altında yaşamayacağıq. Mən bunu təsəvvür etmirəm. Mənim qəbul etdiyim ondan ibarətdir ki, biz Qərbi Zəngəzuru da Şərqi Zəngəzurla birləşdirərək, o torpaqları da Ana Vətənimizə qaytarmaqla həmin ərazilərin sahibi olacağıq. Artıq bu proses başlayıb. Həm də mən dəfələrlə bunu söyləmişəm, əslində müstəqil Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin varisidir və bu, Müstəqillik haqqında Konstitusiya Aktında əksini tapıb. Gerbimiz, himnimiz, bayrağımız eynidir, həmin dövrdə mövcud olan dövlət strukturlarımızın hamısı varis kimi bu gün mövcuddur. Eyni zamanda 1920-ci ilin yanvar ayında Parisdə, iri dövlətlərin təmsil olunduğu Versal Sülh Müqaviləsi Azərbaycanın həmin əraziləri, yəni Göyçənin düz ortasından keçən - Zəngəzur, Dərələyəz, həmçinin Qarakilsə də daxil olmaqla - o torpaqlar Azərbaycan Demokratik Respublikasının ərazisi kimi de-fakto tanınıb. Biz dövlət olaraq o torpaqların sahibləriyik. Bu məsələni biz bir neçə il bundan əvvəl Milli Məclisdə Yaqub Mahmudovla dəfələrlə qaldırmışıq. İndi artıq cənab prezidentin illər boyu düşüncələrində yaşatdığı və qarşıya vahid hədəf kimi qoyduğu Zəngəzura qayıdılması prosesi böyük sürətlə getməkdədir. Bu, iki yolla mümkün ola bilər. Birincisi, Azərbaycanın təzminat iddiasını Ermənistan təmin etməyəndə təzminatın əvəzində Zəngəzur bölgəsi qaytarıla bilər. Ölkə prezidenti bununla bağlı dedi ki, artıq hüquqi prosedurlar başlayıb. Mən düşünürəm ki, Ermənistan bununla bağlı beynəlxalq səviyyədə təşkil olunacaq məhkəmədə ağ bayrağını qaldırmış olacaq. İkinci yol ondan ibarətdir ki, fikrimcə, hadisələrin gedişi böyük sürətlə həmin torpaqların ermənilər tərəfindən tərk edilməsinə gətirib çıxaracaq. Artıq bu proses başlayıb. Belə olan halda biz eyni zamanda oraların sahibi olub, sonradan bu ərazilərdə faktiki olaraq de-yure və de-fakto erməni olmayandan, yerli əhali azərbaycanlılardan ibarət olandan sonra sərhədlərimizi daha da genişləndirərək, Zəngəzuru da, digər bölgələrimizi də Azərbaycana birləşdirə bilərik.
- Fəzail bəy, şər deməsən, xeyir gəlməz... Rusiya 44 günlük müharibədən sonra 20-25 min ermənini zorla Qarabağa köçürdü ki, bölgədə özünün təsirini saxlaya bilsin. Bu mənada ermənilərin Ermənistandan köçüb getməsi faktı Rusiyanın planlarını dəyişəcəkmi, sizcə? Kreml bu bölgəni güzəştə gedərmi?