Hakim Yeni Azərbaycan Partiyasının çox geniş resurslarının olduğu bəllidir. YAP-ın ən ciddi resurslarından biri Milli Məclisdə deputatlarının sayının çox olmasıdır. Partiyanın parlamentdə deputat sayı çox böyükdür, amma hökumətin gördüyü işlərin təqdimatından onların fəaliyyəti, təbliğatı çox zəifdir. Ölkə başçısı səhnədə və kameralar qarşısında olanda ictimai əhval müsbətə doğru dəyişir, ictimai rəy hakimiyyətin xeyrinə yüksəlir. Prezident çıxışlarına bir qədər ara verən kimi, 3-5 müxalif “qırğı” hakimiyyətin və Prezidentin gördüyü işləri qaralayır, gözdən salmağa çalışır. Bu ideoloji müharibədə 5-6 deputatı çıxmaqla, kimsə onlarla döyüşmür, tələblərə cavab vermir. O zaman o sayda deputatı Milli Məclisə niyə gətirirdilər? Deputat istənilən siyasi qüvvənin-müxalifətin, iqtidarın danışan dilidir. Amma əksər hallarda iqtidar deputatlarının çoxu danışanda vəziyyət hökumətin xeyrindən çox ziyanına dəyişir. Bəs bu vəziyyəti və Milli Məclisin tərkibini dəyişmək haqda iqtidar nə düşünür və düşünməlidirmi? Hakimiyyətyönlü Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətin ilk növbədə 44 günlük müharibə və ondan sonra yaranmış vəziyyətlə bağlı mövqeyinin xalqa çatdırılmasında ciddi problemlər mövcuddur: “Əsas çətinlik ondan ibarətdir ki, dövlət başçısı hər şeyi açıq şəkildə demək imkanına malik deyil. Bu təbiidir. Çünki bu, xalqın və dövlətin maraqlarını gözləmək, dünya siyasətini və mövcud reallıqları dərindən bilmək, tutduğu yüksək dövlət vəzifəsinin məsuliyyətini daim hiss etmək və s. amillərlə bağlıdır. Müxalifətin isə belə bir ”dərdi" yoxdur. Əsas odur ki, onların dedikləri “dərin” fikirlər “xal” gətirsin, hazırlıqsız kütlənin xoşuna gəlsin, ona “oğulsan” deyənlərin və rəqibləri küçə söyüşləri ilə söyənlərin sayı durmadan artsın.
Şübhəsiz ki, bizim-hakimiyyəti təmsil edən və dəstəkləyən siyasilərin əsas çətinliyi təkcə bununla bağlı deyil. Bu gün bu mövqeni müdafiə etmək yüksək hazırlıq, ciddi mütaliə tələb edir. Əks mövqedə durmaq, hakimiyyəti “inandırıcı” tərzdə tənqid etmək üçün nə mütaliəyə, nə savada ehtiyac yoxdur. Bazarda xırda ticarətlə məşğul olan bir həmvətənimizin öz həmkarları qarşısında az qala hər gün səsləndirdiyi fikirləri oğurlayıb, ondan bir az aşağı səviyyədə söyləmək kifayətdir ki, “böyük siyasətçi” titulunu qazanasan və “xalqın nəzərində” avtoritetə çevriləsən. Ancaq dövlətçilik mövqeyində dayanmaq üçün hər gün ən azı 8-10 saat mütaliə etməli, öz üzərində işləməlisən. Azərbaycanda nə qədər siyasətçinin buna həvəsi və ciddi mətnləri öyrənmək potensialı var? Belə potensialı olanların içərisində yüksək natiqlik qabiliyyəti olan neçə nəfər var? Onların içərisindən nə qədəri özünü bu mübarizəyə atmaq, küçə söyüşlərinə və təhqirlərə qarşı dayanmaq dəyanətinə malikdir? Təəssüf ki, belələrinin sayı barmaqla sayılacaq qədər son dərəcədə azdır".