Dünyada, eyni zamanda həm populyar ictimai persona, həm də nüfuzlu siyasətçi kimi tanınan, fəaliyyəti ölkəsi daxilində və dünya miqyasında böyük rəğbətlə qarşılanan şəxsiyyətlərin sayı çox deyil. Çünki yalnız fəaliyyəti öz ölkəsinin coğrafi sərhədləri ilə məhdudlaşmayan, qlobal məzmun kəsb edən, həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan ictimai-siyasi xadimlər belə müsbət imicə – reputasiyaya sahib olur, tarixin yaddaşına əbədi həkk olunan – izləri silinməyəcək parlaq nümunə yaradırlar. Eynilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva kimi.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqa xidmət, millli və ümumbəşəri dəyərlərə hörmət nümunəsi olmaqla humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanır
Mehriban xanım Əliyevanın adı xeyriyyəçilik, humanizm, qayğıkeşlik, vətənpərvərlik kimi anlayışlarla assosiasiya olunur. Bu, təsadüfi deyil. Çünki onun fəaliyyəti məzmun etibarilə rəngarəng və zəngin, miqyasına və istiqamətinə görə çoxşaxəlidir. Azərbaycanın Birinci xanımının gördüyü işlər, ilk növbədə, xalqın rifahına, dövlətin inkişafına xidmət edir. Mehriban xanım Əliyeva bu zamana qədər müxtəlif vəzifə və statuslarda öz üzərinə düşənləri layiqincə yerinə yetirərək, strateji hədəflərin gerçəkləşdirilməsinə, milli birliyin gücləndirilməsinə, Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə müstəsna töhfələr verib. O, Heydər Əliyev Fondunun prezidenti, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının Sədr müavini, Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi məqsədyönlü, faydalı və səmərəli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə böyük nüfuz qazanıb, ona olan inam və etimadı yüksək səviyyədə doğruldub. Başqa sözlə, Mehriban xanım Əliyeva nümunəvi fəaliyyəti ilə Vətənə sonsuz sədaqət, xalqa şərəfli xidmət, milli və ümumbəşəri dəyərlərə hörmət nümunəsi yaradıb. Təsadüfi deyil ki, onun milli məzmun və qlobal əhəmiyyət daşıyan şəxsi nümunəsi dünyanın nüfuzlu ekspertləri, ictimai-siyasi xadimləri, elm adamları tərəfindən gələcək nəsillər üçün mühüm tarixi miras kimi səciyyələndirilir. Bu, sözün əsl mənasında, azərbaycanlı milli kimliyinin mütərəqqi nümunəsi kimi qlobal məzmunda özünütəsdiqidir.
Xalqın sonsuz sevgisini qazanan Mehriban xanım Əliyeva inam və etimadı ən yüksək səviyyədə doğruldub
Azərbaycan dövlətinin inkişafında, möhtəşəm nailiyyətlər qazanaraq tarixin XXI əsr səhifəsinə öz adını qüdrətli və qalib dövlət kimi yazdıran ölkəmizin milli tərəqqisində Mehriban xanım Əliyevanın xüsusi rolu var. O, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində müstəsna rol oynayır. Ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması, insanların sağlamlığının qorunması, həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, respublikamızda ekoloji problemlərin həllinə dəstək göstərilməsi və digər istiqamətlərdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox mühüm işlər görülüb və uğurlu nəticələr əldə olunub. Eyni zamanda, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələrinin, tarixi ənənələrimizin öyrənilməsi, mədəni irs nümunəsi kimi qorunması və dünyada təbliği ilə əlaqədar atılan addımlar böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilib, UNESCO və ISESCO platformalarından səmərəli istifadə olunub, Azərbaycan xalqının mədəni abidələri dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb.
Bunlarla yanaşı, 30 ilə yaxın davam edən işğal dövründə, Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər, erməni yalanlarının ifşası, ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması, Azərbaycanın beynəlxalq müstəvidə haqlı və ədalətli mövqeyinin gücləndirilməsi baxımından, xüsusi önəm kəsb edir. Hazırda Mehriban xanım Əliyevanın irəli sürdüyü bir sıra təşəbbüslər Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin qlobal miqyasda informasiya və diplomatiya platformasında möhkəmləndirilməsinə, milli birliyin gücləndirilməsinə mühüm töhfədir. İşğaldan azad olunmuş torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi də bu kontekstdə ayrıca vurğulanmalıdır. Eyni zamanda, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Lider portretini uğurla tamamlayır.
Mehriban xanım Əliyevanın yaratdığı güclü qadın və qayğıkeş ana obrazı həm indiki, həm də gələcək nəsillər üçün parlaq nümunədir