Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xalqımızın rifahına, dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyətdir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
Mehriban xanım Əliyevanın daxili siyasət sahəsində fəaliyyəti geniş spektrlidir. Bura dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı və sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının-şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s. problemlərinin həlli, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ölkədə ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi kimi fəaliyyətlər aiddir.
Mehriban xanım ictimai-siyasi faliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin VII qurultayda partiya qarşısında qoyduğu vəzifələr-ölkədə tolerantlıq, multikulturalizm mühitinin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın çoxaldılması, şəffaflığın artırılması, şəhid ailələri, qazilərin problemlərinin hər an diqqət mərkəzində saxlanılması və həlli istiqamətində Mehriban xanım Əliyevanın zəngin təcrübəsindən istifadə ediləcəkdir ki, bu da Yeni Azərbaycan Partiyasının gələcək inkişafına mühüm töhfələr vermiş olacaqdır.
Xüsusi vurğulamaq istərdim ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva Ali Baş Komandan İlham Əliyevlə birgə işğaldan azad edilən ərazilərə səfərlər edirlər, orada bərpa və yenidənqurma işləri ilə yaxından tanış olurlar. Növbəti səfərlərdən biri avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına oldu. Gərgin, atəşkəsin intensiv şəkildə pozulduğu bir dövrdə Mehriban xanım Əliyevanın müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə Kəlbəcərə səfər etməsi onun liderlik keyfiyyətlərini, cəsarətini göstərir. Bu da, əlbəttə ki, xalqımıza, Silahlı Qüvvələrimizə ruh yüksəkliyi verir.
Birinci vitse-prezident Mehriban xanımın Əliyevanın Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı haqqında xüsusilə qeyd etmək lazımdır. Ulu Öndər Heydər hər zaman deyirdi ki, təhsil millətin gələcəyidir. Məhz bu müdrik kəlamın fəlsaəfəsindən irəli gələrək ulu öndərin adını daşıyan Fond çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsini əhatə edən çoxlu sayda layihə və proqramlar həyata keçirməkdədir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur.
Azərbaycan dövləti sosialyönümlü dövlətdir və hər zaman vətdaşların, xüsusilə də həssas əhali qrupundan olan şəxslərin sosial-rifah halı diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondu da bu kateqoriyadan olan şəxsləri hər zaman diqqət mərkəzində saxlayır. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir.