Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Yeni regional çağırışlar Ümumqafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər” adlı məqaləsi “The Tribune” nəşrində çap edilib.
Məqalədə deyilir ki, 44 günlük müharibədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb.
Bununla da 2020-ci il 10 noyabr razılaşmasının tamamilə yerinə yetiriləcəyi və regionda bütün kommunikasiyaların açılacağı təqdirdə sülh və çiçəklənmə üçün zəmin yarana bilər.
Qeyd edilir ki, lakin son zamanlar, xüsusən də Ermənistandakı parlament seçkilərindən sonra regionda baş verənlər bütün tərəflərin regional sülh və inkişafın qorunmasında maraqlı olmadığını göstərir.
“Belə ki, Ermənistan hakimiyyətinin “Zəngəzur koridoru”nun yaradılmasına dair sərgilədiyi təzadlı mövqe, tez-tez baş verən sərhəd təxribatları, Naxçıvan Muxtar Respublikasının, işğaldan azad edilmiş Şuşa şəhərinin və Kəlbəcərin atəşə tutulması, eləcə də, Ermənistan tərəfindən Laçın koridoru vasitəsilə Azərbaycan ərazisinə yeni silahlı birləşmələrin keçirilməsi cəhdləri onu göstərir ki, razılaşmalar həm Ermənistan, həm də Rusiya sülhməramlıları tərəfindən pozulur”, - deyə məqalədə vurğulanır.