"Prezident İlham Əliyev mövcud problemleri və vəziyyəti şərh etməklə bizə bundan sonrakı siyasətimizin istiqamətini müəyyən etməyə kömək edir və mesaj verir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 26-da şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündəki çıxışından danışarkən deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev şəhid ailələri və qazilərə mənzillərin təqdim olunması mərasimində bir sıra məsələlərə aydınlıq gətirib: "Dövlət başçısı tarixi faktlara söykənərək vaxtilə Zəngəzurun Ermənistana verilməsinə diqqət çəkdi. İllər əvvəl məhz 7 iyulda verilmiş torpaqların əvəzində 2021-ilin 7 iyulunda məhz Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaların yaratmaqla tarixi ədalət bərpa edildi. Əhali arasında iqtisadi zonaların yaradılması qərarının məhz 7 iyulda verilməsi ilə bağlı müxtəlif fikirlər dolaşırdı. Dünən məsələyə aydınlıq gətirildi və bu, xalq tərəfindən olduqca xoş qarşılandı. Prezident, həmçinin çıxışında qeyd etdi ki, Qarabağ probleminin əsası məhz 1923-cu ildə qoyulub. Doğrudan da belədir, vaxtilə SSRİ heç bir hüquqi və siyasi fakt olmadan, Qarabağ Muxtar Vilayətini yaratdı. Coğrafi olaraq baxsaq, Qarabağ bölgəsinin Ermənistanla sərhədi yox idi. Bu, qərəzli addım idi, lakin şükürlər olsun ki, 2020-ci ildə tarixi ədalət bərpa olundu, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Vaxtilə işğalda altında qalan Qarabağ torpaqlarında Ermənistanın beynəlxalq təşkilatları qəbul etdiyinin şahidi olmamışıq. İndi isə Azərbaycan Qarabağda bərpa və quruculuq işlərini həyata keçirir, beynəlxalq təşkilatları dəvət edir, onların işğaldan azad edilmiş torpaqlara səfər etməsinə şərait yaradır. Prezident İlham Əliyev, həmçinin bildirdi ki, bəzi xarici mətbu orqanlarında Azərbaycanın yalnız yeddi rayonu azad etməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Doğrudur, ölkəmiz yeddi rayonu işğaldan azad edib, amma bununla bərabər, Şuşa şəhəri, Hadrut, Xocavənd rayonunun 60 faizi, Suqovuşan qəsəbəsi də azaddır".
Nəzrin Cavid