“Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki, ermənilərin bizə verdiyi xəritələr yalandır”.
Pravda.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
Azərbaycan hərbçisinin Rusiya sülhməramlılarının nəzarətində olduğu Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülməsinə münasibət bildirən deputat yaranmış vəziyyətin başadüşülən olmadığını söyləyib:
“Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma Milli Təhlükəsizlik Xidməti deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var? Bu nə deməkdir?
Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar. Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı öz başına tərketməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar?