Çox haqlı və yerində bir deyim var: tarixi qaliblər yazır. 44 günlük müharibədə çoxəsrlik dövlətçilik tarixinin ən parlaq və bənzərsiz qələbəsini qazanan Azərbaycan haqlı, güclü və qalib dövlət kimi möhtəşəm Zəfər salnaməsi yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dövlətimizin qüdrəti, xalqımızın həmrəyliyi, mübarizə əzmi və Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması şərəf və qürur tariximizdir. Bu qələbə, eyni zamanda, tarixi ədalətsizliklərin aradan qaldırılması, yeni reallıqların yaradılması və milli tərəqqinin gələcək konturlarının müəyyənləşdirilməsi baxımından da olduqca əlamətdardır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bu məsələlərlə əlaqədar çox mühüm nüanslara toxundu, tarixi faktlara nəzər saldı, bu günə və gələcəyə dair çox əhəmiyyətli fikirlər səsləndirdi, bir sıra mesajlar verdi.
Pravda.az xəbər verir ki, bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Tarixi qaliblər yazır” sərlöhvəli məqaləsində yer alıb.
Məqalədə həmçinin deyilir: “Bu kontekstdə, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycanda hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Dövlətimizin başçısı sözügedən çıxışı zamanı diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Eyni zamanda, Vətən müharibəsi qəhrəmanı adını alan bütün şəxslərin, ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələrinin mənzillərlə təmin edilməsi də diqqət mərkəzindədir. Sadalananlara paralel olaraq müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməsi Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin humanist mahiyyətini əks etdirir.
Tarixi Zəfər: ikili standartlar siyasətinin iflası və ədalətin təntənəsi
Xüsusi vurğulamaq gərəkdir ki, Müzəffər Ali Baş Komandanımız çıxışı zamanı Azərbaycanın qələbəsinin necə möhtəşəm və əzəmətli, əhəmiyyətli olduğunu bir daha diqqətə çatdıraraq “Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”,-deyə vurğuladı. Həqiqətən də, bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində və strateji tədqiqat mərkəzlərində öyrənilən İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Çünki bu müharibə Azərbaycan xalqının Qurtuluş savaşı olması ilə yanaşı, ədalətin və iradənin təntənəsi, həmçinin dövlətimizin regionda təhlükəsizliyin təmin olunması üçün haqlı mübarizəsi və strateji qətiyyəti idi. Azərbaycan həm dövlətimizin gücünün, həm də xalqımızın həmrəyliyinin rəmzi olan “Dəmir yumruq” vasitəsilə təkcə işğalçı Ermənistanı məğlubiyyətə uğratmadı, həm də döyüş meydanında erməni faşizminin başını əzdi – belini qırdı, separatizmi məhv etdi, beynəlxalq birliyin bəzi üzvlərinin ikili standartlara əsaslanan siyasətini iflasa uğratdı. 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad edən Azərbaycan həm də mühüm bir beynəlxalq presedent yaratdı. Bu, bütün təzyiqlərə və ədalətsizliklərə baxmayaraq, bir dövlətin olduqca mürəkkəb beynəlxalq şəraitdə öz hərbi-siyasi qüdrəti vasitəsilə ərazi bütövlüyünü bərpa etməsi, BMT-nin uzun illər ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə hüququn təntənəsinə və ədalətin öz yerini tapmasına müvəffəq olmasıdır.
Postmüharibə dövrünün reallıqları və nəticələr: Azərbaycan yeni strateji nailiyyətlərə doğru...
Prezident İlham Əliyev bəhs olunan çıxışında postmüharibə dövrünün reallıqlarına da nəzər yetirdi. Bir daha bəlli oldu ki, müharibəsonrası dönəminin gerçəklikləri tamamilə Azərbaycanın tarixi qələbəsinin nəticələrini əks etdirir. Belə ki, siyasi-diplomatik müstəvidə diktə edən tərəf məhz yeni reallıqlar yaratmış qalib və haqlı Azərbaycan dövlətidir. Yeddi rayon ilə yanaşı, Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad edən Azərbaycan istər Qarabağ bölgəsində, istərsə də Ermənistanla sərhəddə hakim strateji nöqtələrə malikdir. Məhz işğaldan azad edilmiş ərazilərdə bərpası ilə əlaqədar nəhəng vəzifənin uğurla yerinə yetirilməsi, həmçinin regionda kommunikasiya xətlərinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın iqtisadi, siyasi gücünün, strateji imkanlarının artmasını, çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafını və beynəlxalq münasibətlər sistemində yüksəlişini təmin edəcək. Bütün bunlar isə hazırkı reallıqların praqmatik siyasət həyata keçirən, strateji avantajlara sahib olan Azərbaycan üçün mühüm perspektivlər vəd etdiyini göstərir.
Milli iradənin gücü və tarixi ədalətsizliyin aradan qaldırılması