Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.
Konsulluqdan verilən məlumata görə, filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur.
İşğal və etnik təmizləmə zamanı Ermənistan qoşunlarının Azərbaycan kəndlərini tez-tez mühasirəyə aldığı, çoxlu sayda mülki azərbaycanlını qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Bu səpkidə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçusu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən video-kadrlar nümayiş etdirilir.
Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir. Həmin dövrdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlardan 326-sı yaşlı, 267-si qadın və 71-i uşaq olmaqla 719 nəfərin mülki şəxs olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqda heç bir məlumatın olmadığı filmdə qeyd olunur.
Bu səpkidə Beynəxalq Qırmızı Xaç Komitəsinin nümayəndləri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş, azərbaycanlı uşaq, qadın və yaşlı girovların nadir şəkilləri nümayiş etdirilir.