Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası keçirilib.
Mərkəzdən verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər, həmçinin İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən işlər haqqında müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib.
Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb. Şəhərdə tikinti prosesi davam etdirilən elektrik yarımstansiyaları, elektrik xətləri və istilik qazanxanaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.