Politoloq Cümşüd Nuriyev sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, COVID-19 pandemiyası artıq iki ilə yaxındır ki, davam edir. Dünya səhiyyəsi, alimlər, araşdırmaçılar bu infeksiyanın kökünü qazmaq istəsə də, buna nail ola bilmirlər. Son aylar dünyada virusun təbii deyil, süni şəkildə idarə edildiyi, bu səbəbdən də hər 2-3 aydan bir yeni infeksiya dalğasının yaradıldığı haqda fikirlər güclənir. Siz nə düşünürsünüz?
- Əslində müxtəlif fikirlər səsləndirilir. Əlbəttə, mən bunun elmi araşdırmasını, səhiyyə tərəfini bilmirəm. Ancaq deyə bilərəm ki, koronavirus iqtisadi baxımdan əsaslandırılan gözəl təxribat layihəsidir. Çünki dövlətləri çökdürmək üçün bu layihə gündəmə gətirilib. Bill Qeyts əslində bunun anonsunu çoxdan vermişdi. Ehtimal olunur ki, bu, ABŞ-ın layihəsidir və ötən əsrin sonunda qəbul edilib. Amerikalıların fikrincə, dünyada 2 milyard əhali yaşamalıdır, onun bir milyardı varlılar. Bir milyardı isə onlara xidmət edəcək kasıblar olmalıdır. Qalan əhali isə artıqdır.
ABŞ birinci bunu Afrikada həyata keçirdi. Afrika qitəsində 1 milyard əhali yaşayır, halbuki Hindistanda 1,4 milyard əhali var. Afrikanı bitirdilər. Həm sivilizasiya inkişaf etmədi, həm resursları dağıtdılar, həm də xəstəliklər yaratdılar. Nəzərə alın ki, hazırda dünyada resursların 60 faizi məhz 1 milyard varlının əlindədir. Orta təbəqənin əlində 20 faiz resurs var. Yerdə qalan 5,7 milyad əhali 20 faiz resursla dolanır. Əslində isə varlıların əlindəki resurslar ədalətli paylansa, dünyada bir nəfər belə kasıb qalmaz. Amma onlar bunu istəmirlər. Bu xəstəlik də bir layihədir və çalışırlar ki, dünyada insan artımının qarşısını alsınlar, çünki Afrikada buna nail olublar. Orada da açar dövlət Misirdir. Yalnız ona imkan verilib ki, əhalisi artsın. Əlbəttə, istisnalar var, məsələn, Nigeriyada əhali 200 milyondur. Bir sözlə, Afrikada istədiklərinə nail olublar.
Ehtimal edirəm ki, indi əsas məqsəd Asiyanı çökdürməkdir. Çünki dünya əhalisinin yarıya qədəri Asiyada yaşayır. Diqqət etsəniz görərsiniz ki, bu prosesdə ABŞ, Çin iştirak edir.
- Sizcə koronavirus bioloji silah kimi istifadə olunur?
- Mənim fikrimcə, bu daha çox bioloji silaha yaxındır. Çünki həkimlər də bu virusun əlində əlacsız qalıb. Üstəlik buna qarşı peyvəndlər hazırlanmışdı, amma o qədər də effekt verə bilmir. İndi hazırlanan peyvəndlərin bəzisi gündəmdən çıxarıldı. Bu xəstəlik deyil. Bəli, belə infeksiyalar zaman-zaman olub. Maraqlı məqam odur ki, hər 100 ildən bir belə xəstəliklər ortaya çıxır. 1920,1820-ci illərdə belə xəstəliklər olub. Son 400 ildə hər 100 ildən bir belə infeksiyalar ortaya çıxır. O da aydındır ki, koronavirus xəstəlik kimi ötən əsrin 60-70-ci illərindən elmə məlumdur. Ancaq onun müxtəlif ştammlarla yayılması, genində mutasiyaların baş verməsi insanlarda qorxu yaradır. Bunun başqa səbəbi də var. Əvvəla, insanlar təkcə infeksiyadan vəfat etmir. İnsanlar həm də işsizlikdən, evə qapanmaqdan, real dünya ilə əlaqələrinin kəsilməsindən, özünə qapanmadan ölür. Bu hal həm də intiharları artırır. Eləcədə virusun ortaya çıxması ilə insanların bütün əlaqələrini qırırlar. Təsəvvür edin ki, qohum-əqraba bir-birini yaddan çıxarır, şübhəli yanaşır, ögeyləşir və ən yaxşı halda virtuallaşır. Mənim qənaətimcə, bu əslində qloballaşma adı altında hazırlanan meqa layihədir. Bu həm də sırf iqtisadi maraqlardan doğur. Elə bu səbəbdəndir ki, xəstəlik davam edir.
- Əgər bu, insan artımının qarşısını almaq üçün düşünülübsə, sizə elə gəlmirmi ki, effekti çox zəif olub. Məsələn, bu günə qədər COVID-19 pandemiyası səbəbindən dünyada vəfat edənlərin ümumi sayı 5 milyona çatmayıb...
- Sizə deyim ki, ölənlərin çoxu məxsusi olaraq bu xəstəlikdən vəfat etmir. Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyanı idarə edən güclərin əlində oyuncağa çevrilib. Dünyada pandemiya o zaman elan olunur ki, dünya əhalisinin minumum 5 faizi bu xəstəliyə tutulsun. Bu günə qədər də belə fakt baş verməyib. Haradasa minumum 30-35 milyon əhali infeksiyaya yoluxduqdan sonra pandemiya elan olunmalı idi. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı öncədən elan etdi və əslində eyni zamanda bəzi dövlətləri bir növ zərərsizləşdirdi.