Xankəndidən, Xocalıdan vaz keçdikmi - ermənilər mühasirədə və vahimədə
Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri də Xankəndi, Xocalı və Ağdarənin geri qaytarılmasıdır. Müxalifət və bəzi bolgerlər tez-tez deyirlər ki, hakimiyyət bu şəhərlərin adlarını çəkmir, demək, onları geri qaytarmaq planı yoxdur. Amma gedən proseslər və bəzi informasiyalar onu göstərir ki, prezident İlham Əliyev üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritet məsələdir. Dövlət bu hədəfdən vaz keçməyib, imtina etməyib. İlham Əliyevin rəqibləri iddia edir ki, o, Zəngəzur, Göyçə, İrəvan deməklə milləti Xankəndi, Xocalı hədəflərindən yayındırır. Fəqət gerçək müharibə kimi, soyuq müharibənin də özünün şərtləri, qaydaları var. Hazırda İlham Əliyev o şərtlərə tam olaraq əməl edir.
Qarabağda yaşayan erməni əhali Azərbaycan Ordusunun onları üzük qaşı kimi dövriyyəyə aldığını deyir və bundan ciddi narahatdırlar. AzadlıqRadiosu-nun erməni redaksiyasının bununla bağlı onlarla reportajı var.
İkinci əsas məqam hazırda Azərbaycan dövlətinin Qarabağda, Şuşada apardığı quruculuq-bərpa işləridir. Bunu bütün dünya izləyir. Ermənilər də həmçinin. Ermənilərin viran qoyduğu şəhərlər, kəndlər, rayonlar sürətlə bərpa edilir, infrastruktur yaradılır, yollar çəkilir, binalar, aeroportlar tikilir. Ermənilərin yaşadıqları, nəzarət etdikləri ərazilərdə isə rəzalət dizboyu... Enində-sonunda Qarabağın Azərbaycan vətəndaşı olan, hətta olmayan erməni əhalisi bu fərqi görüb, seçimlərini edəcəklər. Paşinyan hökumətinin onları hansı ağır şərtlərdə yaşatdıqlarını nəhayət anlayacaqlar.