Yeni təhsil ilinə sayılı günlər qalmasına baxmayaraq, dərslərin hansı formada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilmir.
Xəbər verdiyimiz kimi, sentyabrın 15-dən etibarən yeni tədris ilinin başlanılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən qərar verilib. Amma məktəb və universitetlərdə tədrisin əyani və ya distant formada olacağı barədə rəsmi məlumat verilməyib. Bu da, xüsusən, rayonlarda yaşayan tələbələr üçün problem yaradır. Onlar sosial şəbəkələrdəki müxtəlif təhsil səhifələrində oxuduqları təhsil müəssəsinin olduğu şəhər və ya rayonda kirayə mənzil tutması üçün vaxt azlığı problemi yaşadıqlarını bildirirlər. Azxeber.com məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndinin fikirlərini öyrənib. O, qeyd edib ki, təhsilin hansı formada başlayacağı qərarının gecikməsi vətəndaşları narahat edir: "Artıq dərslərin başlamasına sayılı günlər qalır. Amma təxmini iki həftə qalmasına baxmayaraq, aidiyyatı qurumlar dərslərin hansı formada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumatın vermir. Bu da təbii ki, xüsusilə rayonlarda yaşayan, hansı ki, Bakı şəhərində təhsil alan və ya bölgələrdə təhsil alan vətəndaşları narahat edir. Çünki onlar ən azından dərslərin ənənəvi qaydada başlamasını nəzərə alıb müvafiq olaraq təhsil alacaqları ünvanlarda kirayə mənzil axtarırlar. Bunun üçün də vaxt lazımdır. Bununla yanaşı, valideynlər övladları üçün məktəb geyimləri, ləvazimatları, həmçinin ali təhsil müəssisələrinin tələbələri də özləri üçün müvafiq olaraq geyim və ya lazımi vəsaitlər almalıdırlar. Bütün bunların hamısı dərslərin hansı formada başlayacağını ictimaiyyətə elan edilməsi üçün vacibdir. Ən azından bu həftənin sonu və ya növbəti həftənin əvvəli bu haqda məlumatın verilməsi labüddür”.