ŞUŞANIN MƏSULİYYƏT YÜKÜ
İllərdir Şuşa acısını doyasıya yaşadıq.
Aylardır Şuşa zəfərini sevincini, qürurunu doyasıya yaşayırıq.
İndi mən sizə hələ də doyasıya yaşaya və daşıya bilmədiyimiz Şuşa məsuliyyətindən danışacağam. Yaşamalı və daşımalı olduğumuz dövrün ən həyati əhəmiyyətli yüküdür bu! Adını belə də tələffüz etmək olar: Şuşanın məsuliyyət yükü. Anoloji olaraq bu kod altında bütün Qarabağın, Azərbaycanın məsuliyyət yükünü anlatmağa çalışırıq.
İndi Şuşada o məsuliyyət yükünün daşıyıcıları yol, qaz, işıq, su çəkənlərdir, binaları, evləri, məscidləri bərpa edənlərdir, Şuşa qoruğunu dizayn edənlərdir, icraçı rolu ilə səlahiyyətləndirilmiş məmurlardır, ərazidə çətin şərtlərdə xidmət çəkən əsgərlərdir, polislərdir, tibb işçiləridir. Zəfər yoluna alternativ yol çəkilişi də bu bölgə üzərindəki strateji müəyyənlik anlayışımızın varlığını ifadə edir. Bu strateji müəyyənlik anlayışı həm dövlətlər üçün, həm də cəmiyyətlər üçün çox vacib amillərdəndir. Ancaq bizdə cəmiyyətin alt qatlarında belə bir müəyyənliyin dərk edilməsi üçün ciddi işlər görüldüyünü söyləmək mümkün deyil. Qarabağda bizim bəlkə də qələbədən sonra məğlub olduğumuz əsas məqam xalqın, cəmiyyətin strateji müəyyənlik anlayışına sahib olmamasıdır. Əslində dövlət ilk növbədə bunu təmin etməlidir. Bu həm də yalnız şuşalılar, yalnız gələcəkdə Qarabağda məskunlaşacaq insanlar üçün zəruri deyil, Naxçıvandan, Qazaxdan başlamış Astaraya, Qusara qədər hər bir azərbaycanlının ən azı düşündüyü bir anlayış olmalıdır. Sözün kəsəsi budur ki, yeni bir səbr anlayışı icad etməliyik, bu da Qarabağ səbridir. Qarabağ səbri olmayan bir xalq, bir cəmiyyət hansısa məqamda emosional tələskənliklə bir günün içində qazanılan uğuru yelə verə bilər. Bu gün bizdə sanki strateji müəyyənlik anlayışına sahib bir şəxs var: dövlət başçısı, Ali Baş komandan. Onun baxışlarında o qədər dəqiq və cilalanmış Qarabağ təsəvvürü var ki, hər çıxışının, müsahibəsinin arxasınca yol xəritəsini təsəvvür etmək mümkün olur. İndi biz bu strateji müəyyənlik anlayışını Azərbaycan cəmiyyətinin alt qatlarına yaymadıqca, insanları Qarabağ üzərindən sağlam mühakiməyə yönləndirmək də çətin olacaq. Yəni xalqı bu prosesin aktiv aktyoruna çevirməmiz qarşımızda duran qaçılmaz bir tələb olmalıdır.
Bu həm də ona görə vacibdir ki, bu gün Şuşanın yenidən sahibinə çevrilmiş Azərbaycan dövləti, Qarabağda qalması ilə razılaşmadığı, lakin hamıya məlum olan səbəbdən beynəlxalq dizaynı nəzərə alaraq hesablaşdığı ermənilərin yaşadığı Xankəndinə gedən yola da, Xankəndinin özünə də gözlə rahatca görünən məsafədən yuxarı qayalıqlardan, yüksəkliklərdən, meşəliklərdən baxır. Buna həm də məcazi mənada yuxarıdan baxmaq deyilə bilər. Yuxarıdan baxmanın isə hərbi cəhətdən böyük avantajı ilə yanaşı, psixoloji cəhətdən təhlükəli məqamları da olur. “Yuxarıdan baxanlar” üçün bəlkə də ən təhlükəli simptom arxayınçılıqdır.
Əslində Azərbaycan cəmiyyətinin böyük əksəriyyətində Qarabağda qazanılan böyük uğura “yuxarıdan baxma” meylləri özünü addımbaşı hiss etdirir. Uzun illər işğal olunmuş torpaqlarımızın hüdudlarının bizlərin yaddaşında xəritə üzərindən təsviri də öz təsirini burada göstərir. Orta məktəb siniflərindən tutmuş diplomatik məkanlara qədər “Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunub” tavtologiyasını illərdir əzbərlədiymizə görə, xəritə üzərində bir dağdan, bir meşə massivindən, bir qayalıqdan, bir çaydan digərinə atlamanın da rahatlığını hələ də yaddaşımızdan kənara ata bilmirik. İndi-indi Şuşaya, Kəlbəcərə, Laçına, Qubadlıya, Suqovuşana baş çəkdiyimizdə canlı döyüş səhnəsinin əngin ölçülərini dolğun təsəvvür etmə fürsətini qazanmağa başlayırıq.
Unutmayaq ki, savaşın hərb mərhələsi bitib. Hazırda savaşın əsəb mərhələsindəyik. Əsəb savaşı deyirlər ha, bax günün Qarabağında yaşanan məhz odur. Təbiidir ki, erməninin əsəbi ilə bizimkinin fərqli durumu var və bu da anoloji olaraq qələbənin və məğlubiyyətin aurasından doğan fərqliliklərdir.