“Xankəndidə separatçıların keçirdiyi tədbirə yas mərasimi kimi baxmaq lazımdır. Hamıya aydındır ki, II Qarabağ müharibəsi nəticəsində Ermənistan dövlətçiliyinin əsas siyasi layihəsi olan "Miatsum" - Azərbaycan torpaqlarının Ermənistana anneksiya etmək planı darmadağın olub”.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu gün Xankəndidə separatçıların guya müstəqilliklərinin 30 illiyi ilə bağlı keçirdiyi tədbir haqqında danışarkən deyib.
Diplomatın sözlərinə görə, indi Ermənistan daxil olmaqla heç kəs inanmır ki, Azərbaycan ərazilərində anneksiya həyata keçirmək mümkündür: “Bizə qarşı ərazi iddiaları irəli sürülən dövrdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 127 min erməni yaşayırdı. Mən SSRİ-nin 1987-ci il statistikasına istinad edirəm. Müharibədən qabaq deyilirdi ki, orada vur-tut 50-60 min erməni qalıb. Demək olar ki, onların yarısı müharibədən qabaq qaçıb. II Qarabağ müharibəsi dövründə də oradan kifayət qədər erməni qaçdı. Sonradan guya onların hamısının Xankəndi və digər yaşayış məntəqələrinə qayıtdığı iddia olunurdu. Amma son rəqəmlər belədir ki, orada cəmi 20-25 min erməni yaşayır. Yəni əhalisinin azalması baş alıb gedir".