BURADA REKLAMINIZ OLA
BİLƏR

"Belə bir fikir var ki, uşaq pulu verilsə, insanlar 10-15 uşaq saxlamaq istəyəcəklər" - Razi Nurullayev

Son günlər yazıçı Aydınxan Əbilovun uşaq pulu məsələsi ilə əlaqədar səsləndirdiyi fikirlər, sosial media ilə yanaşı, cəmiyyətdə də birmənalı qarşılanmadı. Nəzərə alaq ki, uşaq pulunun verilməsiylə bağlı uzun müddətdir ki, istər əhali, istərsə də hökumət miqyasında müzakirələr gedir. Sonxeber.az saytına açıqlama verən deputat Razi Nurullayev bu məsələ ilə bağlı ən çox mübarizə aparan insanlardan biri olduğunu qeyd edib:

"Əgər hər hansı bir ictmai şəxsin müəyyən məsələ ilə bağlı ictimai fikir bildirməsi hökumətin və Azərbaycanda yaşayan 10 milyon əhalinin qərarına təsir göstərə bilirsə, hökumətin, nazirliyin qərarlarını dəyişdirmək gücündədirsə, dünyaya yenilik gətirmək iqtidarındadırsa, onda həmin şəxs bir dənə də açıqlama versin ki, erməni Silahlı Qüvvələri bütöv Azərbaycan ərazisindən çıxsınlar, orada yalnız Azərbaycan pasportunu almaq istəyənlər qalsın. Məsələ də həll olunsun. Yəni bu məsələlər hər hansı bir şəxsin fikir bildirməsiylə həll olunmur.

Azərbaycan insanlarının çoxu Avropa və Qərb ölkələrini - Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, İspaniya, İsveç, İsveçrə və Norveçi özlərinə ideal seçirlər, o ölkələrdə yaşamaq üçün mübarizə aparırlar. Həmin ölkələrdə uşaq pulu verilir. İsveçdə 5-ci uşağın doğulmasına görə aylıq 2.250 € verilir. Ən az alan ölkə Yunanıstandır, çünki orada bu məbləğ 16 €-dan başlayır. İtaliyada illik gəliri 38.000 €-dan çox olanlara uşaq pulu verilmir, amma bu məbləğdən aşağı olan şəxslərin hamısına verilir. Yəni o insanlar düşünmür ki, onlar digər işləyən adamların haqqına girir, kimsə çoxlu uşaq dünyaya gətirmək istəyir və s.

Əslində belə bir fikir də var ki, uşaq pulu verilsə, insanlar 10-15 uşaq saxlamaq istəyəcəklər. Lakin bunun da bütün dünyada olan nümunələri var. Biz özümüzdən nələrisə kəşf etmirik. Dövlət istəmirsə ki, uşaq artımı olsun, yalnız ilk 2 uşağa uşaq pulu verəcəyini elan edə bilər. Kim 2 uşaqdan sonra yenidən uşaq dünyaya gətirəcəksə, bunu nəzərə alıb özü saxlayacaq.

Bir yandan biz deyirik ki, Azərbaycanda demoqrafik artımı yüksəltməliyik, əhalini artırmalıyıq. Bizim güclənməyimiz, dövlətimiz güclənməsi üçün, ordumuz üçün, gələcəkdə dünyada hegemon gücə çevrilmək üçün əhali sayının artımı vacibdir. Bununla bağlı hətta Cənab Prezidentin dilindən də fikirlər səsləndirilib.

Digər bir tərəfdən deyilir ki, insanlar uşaq artırmasın, əhalimizin sayını azaldaq və s. Hətta dünyada belə bir fikir var ki, yer planeti 5 milyard insan üçün nəzərdə tutulub, indi isə əhalinin sayı 8 milyarda çatır. 3 milyard əhalini azaltmaq lazımdır.

İnsanlar koronavirusa nəyə görə inanmırlar? Düşünürlər ki, laboratoriyadan çıxıb, dünyada mövcud olan 8 milyarda yaxın insanın 3 milyardını öldürmək və 5 milyardını saxlamaq istəyirlər. Onun üçün də bu tip "Absurdistan" məsələlərini yığışdırmaq lazımdır. Dövlətin başçısı zamanında dedi ki, bizim demoqrafik vəziyyəti düzəltmək lazımdır. Ailələrə yardım göstərmək lazımdır ki, Azərbaycanın əhalisi daha çox artsın və biz güclü dövlətə çevrilək.

Bizdə demoqrafiyanı azaltmaqla bağlı dövlətin bir tələbi də yoxdur. Bu baxımdan mən bütün bunların hamısını absurd hesab edirəm, uşaq pulu mütləq verilməlidir. Bütün dünyada bu sistem var və o sistemləri öyrənib, ən məqbul variantda Azərbaycanda tətbiq etməyə ehtiyac var.

Əslində bu məsələ ilə bağlı ən çox mübarizə aparan insanlardan biri mən olmuşam. 5 il bundan qabaq bu məsələylə bağlı mübarizələr aparmışam və bu apardığım kampaniyalara milyona qədər insanlar baxıb. Biz bunu hökumətin gündəminə sala bilmişdik. Parlamentdə də müzakirələr gedirdi və hətta bəzi dövlət qurumları məsələyə baxılacağını bildirirdi.

Bildiyiniz kimi, Vətən müharibəsindən sonra xeyli xərc çəkməli, xeyli məşəqqətlər yaşamalı olduq. Bu gün də Qarabağın bərpa olunması lazımdır, 1 milyona yaxın insanın ora köçürülməsi vacibdir, infrastruktur yaradılır və s. Oraya 50-60 milyard $-dan artıq vəsait yatırılmalıdır ki, insanları köçürtmək mümkün olsun. Bunun üçün də digər məsələlər səngidi. Əslində biz buna nail ola biləcəkdik. Neftin də qiyməti stabilləşib. Ümid edirəm ki, Azərbaycan artıq əhalisinin bir hissəsini oraya köçürməyə başlayandan sonra müəyyən ehtiyatlar yaranacaq. Ondan sonra bu məsələlərə qayıtmaq mümkün olacaq.

Düşünürəm ki, ən azından bu məsələyə başlamaq üçün ilkin olaraq uşaq yeməklərinin dövlət tərəfindən pulsuz verilməsi məsələsi mütləq şəkildə həll olunmalıdır. Çünki uşaqlarımız doğulanda yaxşı qidalana bilmədikdə boyları çıxmır, xəstə olurlar, beyinləri yaxşı inkişaf edə bilmir və s. Bunun üçün azı 3 yaşına qədər uşaq yeməyinin dövlət tərəfindən pulsuz verilməsi vacibdir. İkincisi isə, uşaq yeməkləri Azərbaycanda çox bahadır. Keyfiyyətli uşaq yeməklərinin qiyməti 70-80 manat arasındadır. Uşaq bezləri də çox bahadır.

Azərbaycanda ekoloji təmiz rayonlarımız var. Bizim ekoloji təmiz tərəvəzlərimiz var. Azərbaycan ekoloji məhsullar istehsal etdiyinə görə fərqlidir. Biz bu cür fabriklər açaraq, dövlətin stimullaşdırılması ilə, dövlət investisiyası ilə və yaxud digər sahibkarlara bununla bağlı güzəştli şərait yaratmaqla uşaq yeməklərinin də qiymətini radikal olaraq aşağı sala bilərik ki, hər valideyn bunu ala bilsin. Bu, həm iş yerlərinin açılması, həm genofondumuzun qorunması, həm də iqtisadiyyatımızın inkişafı deməkdir.

Yaxşı, bu gün dövlət uşaq pulu verə bilmir və bunu əsaslandırır. Başa düşdük. Amma uşaq yeməyinin, bezlərinin pulsuz verilməsi məsələsi həll olunmalıdır. Uşaq yeməklərinin istehsalı ilə bağlı şərait yaradılmalıdır ki, vətəndaşlar onu gücü çatan 2-3 manat aralığında ala bilsinlər.

Əslində hazırda pandemiya dövrü ölkəmizi böyük bir gərginliyə salıb: insanların psixoloji vəziyyətini pozub, çətin vəziyyətdə qalan dövlətin yükü artıb, pandemiya vətəndaşla dövləti üz-üzə qoyub. Mən də ümid edirəm ki, yaxın zamanda bu pandemiya qurtarar, Qarabağdakı əsas infrastruktur layihələri bitər və bundan sonra dövlət bu dediyiniz məsələlərə yenidən qayıdar. Hər halda bu, dünyada gedən proseslərdən də aslıdır. Amma hər şeyə rəğmən, hesab edirəm ki, bütün bu problemləri arxada qoyub, bu məsələlərə tez qayıtmağa bizim gücümüz var. Hər halda, dövləti saxlayan da, yaradan da, dövləti dövlət edən də onun vətəndaşıdır, onun böyüyən uşaqlarıdır. Bizim üçün demoqrafiya, vətəndaşlarımız, uşaqlarımızın sağlamlığı, qayğısız böyüməyi və dövlətindən razı qalmağı ən vacib məsələlər sırasına daxil olmalıdır".

Tarix: 2 Sentyabr 2021, 20:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin