Bakıda övladını rus məktəbinə və ya rus dilli bağçalara qoyan ailələrin sayı əhəmiyyətli dərəcədə artıb. Hər halda həyət-bacada, küçədə rusca danışan azərbaycanlı uşaqların sayının artması buna dəlalət edir. Bəs builki təhsil ili ərəfəsində vəziyyət nə yerdədir, tendensiya nə deyir? Rus dilində təhsil almaq uşağın milli ruhda yetişməsinə, kimliyinə necə təsir edir? Əlbəttə, dil bilmək yaxşıdır. Lakin yəqin ki, bu ana dilinin ikinci plana atılması hesabına, soykökdən uzaqlaşmaq hesabına olmamalıdır. Doğrudanmı uşağı rus sektoruna qoymaqla biz onun gələcəyini daha yaxşı təmin etmiş oluruq, yoxsa burada dəb amili, bəhsə girmək məsələsi daha çox rol oynayır? Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, artıq bir çox MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri rus dilində təhsildən imtina ediblər: “Azərbaycanda da bu addım atılmalıdır. Rus dili ümumilikdə kadr hazırlanmasında hər hansı bir üstünlük təşkil etmir. Sadəcə olaraq, rus bölməsini bitirən abituriyentlər Azərbaycan bölməsini bitirənlərlə müqayisədə qəbul zamanı daha çox üstünlük əldə edirlər. Rus bölməsini bitirənlərin şansı daha çox olur. Azərbaycan bölməsi abituriyentlərinin 500-600 balla qəbul olduğu yerə, rus bölməsi 200-300 balla qəbul olur. Deməli, biz bu bölmədə yüksək ixtisaslı kadr hazırlaya bilmirik. Bu gün Azərbaycanda müəllimlik ixtisasında rus bölməsi demək olar ki, yox səviyyədədir. Bunu illər ərzində qəbul-plan yerlərinin təhlili zamanı da görə bilərik”.
Kamran Əsədov vurğuladı ki, dil birmənalı şəkildə təfəkkürün formalaşmasına təsir göstərir: “Bunu inkar etmək mümkün deyil, Azərbaycanda rusdilli vətəndaşlar var. Azərbaycanda təhsil alan 1,5 milyon şagirdin 130 min nəfəri rus bölməsinin payına düşür. Onlardan 1100 nəfəri gürcü bölməsini bitirib. Bütün bunlar hamısı fərqli düşüncə tərzini ortaya qoyur. Bu gün şagirdlərin ən çox yönəldiyi sahə rus bölməsidir. Biz birmənalı şəkildə ibtidai sinifdə rus bölməsini ləğv etməliyik. Yalnız yuxarı siniflərdə rus bölməsinə keçid edə bilərik”.