Hazırda partiyamız mühüm bir siyasi hadisələr ərəfəsindədir. 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Seçdiyi şüardan da partiyanın məqsəd və məramı aydın görsənir. Əvvəlki seçkilərdə “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru” “Xalq üçün” şüarları da partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını təsdiqləyib.
Pravda.az xəbər verir ki, bu sözlər Yeni Azərbaycan Partiyası tərəfindən Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun seçicilərlə görüşündə səsləndirilib.
Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev 28 illik zəngin və şərəfli inkişaf yol keçən Yeni Azərbaycan Partiyasının bu gün nəinki Azərbaycanda, eyni zamanda, regionun ən güclü və nüfuzlu qüvvəsinə çevrildiyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.
YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyev ümumxalq partiyasına çevrilən hakim partiyanın möhtəşəm nailiyyətlər əldə etməsindən, monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına dəyərli töhfələrini verməsindən, milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.