Demək olar ki, hər günümüz hansısa ailənin həyatında dəhşətli faciənin baş verməsi xəbəri ilə açılır. Qadın, kişi, uşaq vəhşicəsinə qətlə yetirilir. Ailə qurarkən yaxşı və pis gündə bir-birilərinin yanında olmağa söz verən ər-arvadlar özlərinin və ya övladlarının, övlad – valideynlərinin, nəvə – baba-nənəsinin, baba-nənə – nəvəsinin QATİLinə çevrilirlər. Qadının başı övladları qarşısında kəsilir, ər boynundakı zəncir boyunbağı vasitəsilə qətlə yetirilir, ana öz körpə uşağı ilə damdan yıxılıb (bəlkə də qəsdən itələnib) öldürülür…
Üstəlik, o dünyaya könüllü yollananların – intihar edənlərin sayı da artıb. Əgər alimin ailəsində intihara cəhd edilirsə, bu, artıq qırmızı xəttin keçilməsi deməkdir.
Bu arada “pandemiya yuxusu”ndan oyanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayın sonunda uşaqlar üçün “Lider olmaq istəyirəm” adlı yay məktəbi, Litvaya məişət zorakılığı ilə bağlı tvinniq layıhəsi çərçivəsində səfər təşkil etməklə, müxtəlif mövzularda konfranslar keçirməklə, sosial çarxlar çəkməklə, öz saytında “Ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülməlidir?“ kimi gülünc online sorğusu keçirməklə məşğuldur. Təsəvvür edirsinizmi, dövlətin yaratdığı, vəzifələrini və hüquqlarını müəyyənləşdirdiyi komitə hansı işlərin görülməsini uzun illərdən sonra cəmiyyətdən soruşur. Başqa sözlə, camaata müraciət səslənir: “Əvəzimizə düşünün”. Aşkardır ki, ehtiyacı olanlara yardım etməkdən ötrü Komitənin əli də çatmır, düşüncəsi də…
Hazırda ictimaiyyətin tanınmış nümayəndələri də faciələrin qarşısının alınması məqsədilə cəmiyyətə çağırışlar edir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də…
İntihar məsələsi o qədər qorxunc hal alıb ki, bir müddət öncə Baş Prokurorluğun mətbuat xidməti cəmiyyətə videomüraciət ünvanlamağa məcbur oldu. Həmin müraciətdə təkcə 2021-ci ilin I yarısı ərzində ölkə ərazisində 322 nəfərin intihar etdiyi bildirilirdi. Müharibədən qalib çıxmış ölkənin belə statistika ilə üzləşməsi anlaşılmazlıq doğurur. Amma intiharların və ailə-məişət zorakılığının qarşısının alınmasında dönüşə nail olunması Baş Prokurorluğun cəmiyyətə “bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq” çağırışı ilə çözülmür.
İş o yerə çatıb ki, Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Baş Prokurorluğun ölkəmizdə məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayıb. Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbərindən “dərindən kədərləndiklərini” bildiriblər. İngilis diplomatlar bizi artıq bir sıra dövlətin tərk etdiyi “İstanbul Konvensiyası”na qoşulmağa çağırıblar, ABŞ səfirliyi “Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacaqlarını” ifadə edib.
Komitənin scfwca.gov.az saytındakı xəbərdən isə məlum olur ki, cəmiyyətdə baş verən intihar hadisələri ilə bağlı “Günün aktual problemi – İNTİHAR” adlı təhlil hazırlanıb və mediada işıqlandırılıb. Bundan başqa, Baş Prokurorluğunun təşkilatçılığı və Komitənin iştirakı ilə intihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar yüksək səviyyəli konfrans keçirilib. Vəssəlam! Amma, nə hikmətdirsə, həmin “təhlil” və “yüksək səviyyəli konfrans” intiharların qarşısını almaqda acizdir. Çünki belə addımlar yalnız hansısa məsələ üzrə iş görüldüyünü bəyan etmək üçün “quş qoymaq” cəhdinə bənzəyir.
Halbuki, 14 yanvar 1998-ci il tarixində yaradılan, sonradan səlahiyyətləri daha da genişləndirilən bu qurum ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab edilir. Dövlət bu Komitəni kifayət qədər vəzifə və hüquq sahibinə çevirib.
Amma Komitənin bu sahədə fəaliyyətini hiss edən varmı? Güman etmək olardı ki, vaxtilə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti, YAP Qadınlar Şurasının sədr müavini və icra katibinin müavini, Milli Məclisin deputatı, sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, özünü təcrübəli siyasi xadim hesab edən Bahar Muradovanın 12 mart 2020-ci il tarixindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrliyinə gətirilməsi bu sahədə köklü dəyişikliklərin baş verməsi ilə nəticələnəcək. Müşahidələr göstərir ki, belə olmadı.
Cəmiyyətin nəbzi rolunu oynayan sosial media şəbəkələrində həmin qurumun varlığı ilə yoxluğunun bilinmədiyinə diqqət cəlb edilib. Məsələn, bu yaxınlarda “facebook”da jurnalist həmkarım Sevinc Paşayevanın “Bizə görə bu qurum büdcəyə əməlli-başlı yükdür. Dəyərli oxucular, bəs siz necə düşünürsünüz?” sualına cavabları oxuyanda dəhşətə gəlirsən.