“Palmali” gəmiçilik şirkətinin sahibi, Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar həbsdə olarkən ona tez-tez baş çəkə bilmək üçün həbsxananın yaxınlığında xüsusi helikopter meydançası tikdiribmiş.
Pravda.az xəbər verir ki, bu barədə Mənsimov özü “Halk TV” kanalına müsahibəsində danışıb.
Qeyd edək ki, Mehmet Ağarla Mübariz Mənsimov bir neçə il əvvələ qədər yaxın dost olublar. Lakin daha sonra onların münasibətləri korlanıb və düşmənçilik səviyyəsinə çatıb. Mehmet Ağarın Mənsimovun biznesini ələ keçirdiyi iddia edilir. Habelə keçmiş daxili işlər naziri Mənsimovun dəfələrlə ABŞ-ın Pensilvaniya ştatına, FETÖ lideri Fətullah Gülənlə görüşə getdiyini deyib.
“Fətullah Gülənin yanına bir dəfə yox, dəfələrlə gedib. Ən azı 10 dəfə getdiyini mən bilirəm. Mənim təyyarəm yoxdur, Fətullah Gülənlə bağlantım yoxdur. Onun Fətullah Gülənə yaxınlığı bilinirdi. Onunla birlikdə bir dəfə Pensilvaniyaya getmişik, Mənsimovun Gülənə yaxınlığını hər kəs bilirdi”,-Mehmet Ağar bir müddət əvvəl jurnalistlərə demişdi.
İndi Mənsimov FETÖ ilə əlaqələri barədə onun barəsində çıxarılmış məhkəmə hökmü və Ağarla münasibətləri haqda soruşub. Bildirib ki, bu məhkəmə hökmündən yuxarı instansiyaya şikayət verib və hazırda baxılma mərhələsindədir. “Məni örgütə yardım etməkdə günahlandırırlar. Yardım? Nə yardımı? Ortada yardım-filan yoxdur. Heç bir dərnəyə yardım etməmişəm. Sadəcə “Güllüoğlu” şirniyyat mağazasından mənim otelim 2 kiloqram paxlava alıb, 2014-cü ildə. Siz “Güllüoğlu”ndan heç paxlava almadınızmı? Bu məmləkətdə bir çıxıb desin ki, “Güllüoöğlu”ndan şirniyyat yeməmişəm”,-M.Mənsimov deyib.
O, Bodrumdakı yaxta limanının əlindən zorla alındığını inkar edib, bildirib ki, işçiləri tərəfindən aldadılıb. “Biz qorxaq deyilik ki, təhdid edib malımızı əlimizdən alsınlar. Haqqımdakı FETÖ ittihamına baxsanız görərsiniz ki, həmin işçilər əleyhimə ifadə veriblər. Hamısı yalançı şahiddir”,-Mənsimov bildirib.