BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Füzuli hava limanının tikintisinin başa çatdırılması Qarabağ regionunun simasını büsbütün dəyişəcək”

"Füzuli hava limanının açılması tarixi hadisədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Füzuli hava limanını Qarabağın hava qapısı adlandırır. Bu hadisənin tarixiliyi ondan ibarətdir ki, hava limanı 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun işğaldan azad etdiyi ərazidə qurulub".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, hava limanının istifadəyə verilməsi ciddi əhəmiyyətə malikdir: "Ordumuz 44 gün ərzində tarixi reallıq yaradıb. Yeni reallıq əsasında işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən qurulması kimi şərəfli vəzifə hazırda icra olunmaqdadır. Bu proses böyük temp və sürətlə davam edir. Prosesin ən mühüm və yaddaqalan tərəflərindən biri də ilk növbədə Qarabağda nəhəng infrastruktur layihələrinin icrası ilə bağlıdır. Məsələyə bu kontekstdə yanaşdıqda Füzuli hava limanının tikintisinin başa çatdırılması, sözün həqiqi mənasında, Qarabağ regionunun simasını büsbütün dəyişəcək. Nəticə etibarilə, Qarabağa gediş-gəliş asanlaşacaq. Təkcə bizim yerli əhali deyil, xarici vətəndaşların da Qarabağa gəlişi rahatlaşacaq. Bu, turizmin inkişafına səbəb olacaq. Eyni zamanda, Füzuli ilə yanaşı Zəngilan və Laçında da hava limanları işə salınacaq. Həmin hava limanları mülki xarakter kəsb etməklə yanaşı, hərbi möhkəmlənmə kimi missiyanı da həyata keçirəcək".

 

E.Nəsirov vurğulayıb ki, Qarabağın bərpası prosesinin sürətli şəkildə həyata keçirilməsi  düşmənləri vahiməyə salır: "Xankəndidə Rusiya sülhməramlıları müvəqqəti olaraq yerləşdirilib və orada yaşayan ermənilər bu gün içməyə su tapmırlar, işıq həsrətindədirlər. Bu reallıq fonunda isə Qarabağ sürətlə bərpa edilir, Şuşa gecə-gündüz işıq saçır. Mədəniyyət paytaxtı daimi su və elektriklə təchiz edilib. işğaldan azad edilmiş bölgələrdə hava limanları tikilir, Füzuli hava limanı istifadəyə verilib. Biri mülki, biri isə yük təyyarəsi olmaqla iki təyyarənin uçuşu həyata keçirilib. Bütün bunların hər biri xalqımızı sevindirir. Bununla yanaşı isə düşmən bundan ciddi həyəcan keçirir".

 

Nəzrin Cavid

Tarix: 6 Sentyabr 2021, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin