Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə baş tutan iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294-cü və 296-cı maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru professor A.Qasımovun rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar olunması əsası ilə ləğv edilməlidir.