Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr palatasının sədri Elian Tilyö və Senatın sədri Stefani d’Oz ilə görüşüb.
Parlamentdən verilən xəbərə görə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Belçika Krallığı ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanda qadın hüquqlarının qorunması, bu sahədə görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Azərbaycanda hələ 1918-ci ildə, bir sıra Avropa dövlətlərindən daha əvvəl, müsəlman aləmində ilk olaraq qadınlara seçmək və seçilmək hüququ verilib. Ölkəmiz 1991-ci ildə müstəqilik əldə etdikdən sonra Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanlar verilib, gender bərabərliyinin təminatı, eləcə də qadınlara qarşı zorakılığın aradan qaldırılması barədə qanunlar qəbul edilib.