BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gəncləri anti-milli fəaliyyətə cəlb edən qüvvələrlə təcili mübarizə aparmaq lazımdır” – Deputat

“Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Gənclər və idman naziri vəzifəsinə yeni təyinat oldu. Fürsətdən istifadə edərək, nazir Fərid Qayıbovu təbrik edir və işlərində uğurlar arzulayıram. Ölkədə idmanın inkişafı və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində bir sıra işlərin görülməsi vacibdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov deyib.

 

Deputat gənclər və idman sahəsindəki ümumi vəziyyəti şərh edib və bu sahədə həll olunması vacib olan məsələlərdən danışıb: "Prezident yeni təyin olunmuş naziri videoformatda qəbul edərkən qarşıda duran əsas vəzifələri müəyyən etdi. 44 günlük Vətən müharibəsində yeni reallıqlar yaranıb. Prezident də nazir qarşısında əsas vəzifələri sadalayarkən bu sahədə də yeni mərhələnin başlandığını işarə etdi. Ümumiyyətlə, ölkədə hər zaman idmanın inkişafına Prezidentin rəhbərliyi ilə böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları son illərdə beynəlxalq oyunlarda, misal üçün, Avropa və olimpiya oyunlarında müəyyən mənada uğurlar əldə edir, qələbə qazanırlar. Azərbaycanda çox böyük idman infrastrukturu quraşdırılıb. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə. Ölkəmiz idman ölkəsinə çevrilib. Azərbaycanda 2015-ci ildə Bakı Avropa oyunlarının keçirilməsi və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının təşkili bunun təsdiqidir. Belə böyük beynəlxalq yarışların peşəkarlıqla təşkil edilməsi bütün dünya tərəfindən rəğbətlə qarşılandı. Sonuncu Tokio-2020 Olimpiya oyunları zamanı, Prezidentin də qeyd etdiyi kimi, xüsusilə veteran idmançılar medal qazana bildilər. Baxmayaraq ki, digər idmançılarımız çalışırdılar və qələbəyə yaxınlaşmışdılar, amma qızıl medal qazana bilmədilər. Son olimpiya oyunları  arasında ən mənfi nəticə məhz Tokio-2021-də qeydə alınıb. Ona görə də, Prezident yeni gənc idmançıların işinin təkmilləşdirilməsi, federasiyalarla işin səmərəli təşkili barədə yeni tapşırıqlar verdi. Bundan başqa, paralimpiyaçılarımızın 14-ü qızıl olmaqla 19 medal qazanmaları təqdirəlayiqdir. Prezident, həmçinin ölkənin gənclər siyasəti məsələlərinə toxunub və gənclərlə işin səmərəliliyinin artırılmasını əsas hədəf qoyub. Bir sıra ölkələrdə gənclərdən sui-istifadə edərək ölkədə xaotik rejim yaradılması təcrübəsi var. Bu kimi hallar ölkələrin aqibətini korlayır. Azərbaycanın belə vəziyyətdən uzaq olması üçün gənclərlə iş olduqca əhəmiyyətlidir. Gəncləri anti-milli fəaliyyətə cəlb edən qüvvələrlə təcili mübarizə aparmaq lazımdır. İnanıram ki, yeni təyin olunmuş nazir öz vəzifəsinin öhdəsindən layiqincə gələcək".

 

Nəzrin Cavid

Tarix: 8 Sentyabr 2021, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin