Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir.
Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün oğlanlar və qızlar Ermənistanın hərbi təcavüzündən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirə biliblər. Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb və məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib.