BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Cəlaloğlu: “Ülvi Quliyev yalnız biznesini güdür, seçicilər ona niyə səs versin ki?” - AÇIQLAMA

“Ülvi Quliyev seçki dairəsi ərazisində heç bir iş aparmır. Onun təbliğatını “jek” işçiləri məhdud ərazidə aparırlar. Seçki dairəsinin favoritinin Ülvi Quliyev olması barədə deyilənlər boş şeydir. Görünür, seçkilərin nəticələrini sonradan dəyişməyə cəhd edəcəklər”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Sərdar Cəlaloğlu (Məmmədov) deyib.

 

S.Cəlaloğlu qeyd edib ki, seçici “uşaq pulu”nu kəsənə, cərimələrin məbləğini artıranlardan birinə, heç vaxt çıxış etməyənə səs verməz: “Ülvi Quliyevin hansı fəaliyyəti var ki? Ərazidə qəssabxanalar olan hissəni ələ keçirib, iki mərtəbəli biznes mərkəzi tikdirib. Bu günə qədər seçki dairəsi ərazisində seçicilərin problemləri ilə maraqlanmayıb. Ərazidə ibadətgah yoxdur, bu, biabırçılıqdır. Ülvi Quliyevin hansı fəaliyyətinə görə səs verəcəklər ki? O, yalnız biznesini güdür”.

 

ADP sədri vurğulayıb ki, namizəd özünü tanıtmalı, təbliğat işi aparmalı, insanları seçkilərə cəlb etməlidir: “Mənim tanınma problemim yoxdur, 30 ildir, xalqın gözünün qarşısındayam, qəzet, saytlar, internet televiziyalar vasitəsilə fikirlərimi çatdırıram. Ona görə də seçki dairəsinin ərazisində məni tanımayan yoxdur. Bu səbəbdən də reklam xarakterli görüşlər keçirmirəm. Başqaları kimi partiya üzvlərimi, başqa seçki dairəsi ərazisində yaşayan tərəfdarlarımı toplayaraq görüş keçirməyi əhəmiyyətli hesab etmirəm. Mediada deputatlığa namizədlərin görüşlərini izləyirəm, baxın, orada seçici varmı? Hamısı kənar yerlərdən gətirilir. Bir məsələni xüsusi qeyd etmək istərdim, seçicinin qapısına getmək lazımdır, onu ayağına gətirmək lazım deyil. Mən seçicinin ayağına gedirəm. Daha çox məhəllə görüşləri və fərdi görüşlər keçirirəm. Təbliğat işində ən yaxşı üsul könüllülər vasitəsilə aparılır. Seçki dairəsi ərazisində mənə 200-dən artıq könüllü dəstək verir. Onlar öz dostları, qohumları, qonşuları ilə iş aparırlar... Könüllülərin təbliğat prosesini təhlil etmişəm, nəticə etibarilə qələbə məndədir. Düşünürəm, bu seçkilərdə mütləq qalib gələcəyəm. 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində ikinci yerdə olmuşam. Reytinqimin hansı səviyyədə olmasını yaxşı bilirəm. Bundan əvvəl də, parlament seçkilərinə qatılmışam və qalib olmuşam. Narahat olmasınlar, mənim seçki taktikam digərlərindən kifayət qədər güclüdür”.

 

KƏNAN

 

Tarix: 4 Fevral 2020, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin