BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bu, Ermənistan tərəfindən yol verilən beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi dəyərləndirilib”

“Hər ilin sentyabrın 9-da qeyd edilən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü BMT-nin Baş Assambleyası tərəfindən Qətər dövlətinin təqdim etdiyi təklif əsasında qəbul edilib. Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ən ciddi problemlərindən biridir. Müasir hüquqda, xüsusilə də silahlı münaqişələr dövründə uşaqların hüquqlarının, habelə təhsil hüquqlarının təmin edilməsinə çox ciddi diqqət yetirilir. "Uşaq hüquqları haqqında" 1989-cu il 20 noyabr tarixli konvensiyanın 38-ci maddəsində birbaşa göstərilir ki, bu konvensiyanın iştirakçısı olan dövlətlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uşaqlara münasibətdə riayət etməlidirlər. Bu, imperativ normadır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

 

Deputat bildirib ki, həmçinin 4 Cenevrə konvensiyası və 8 iyun 1977-ci ildə qəbul edilən 2 əlavə protokolu uşaqlara xüsusi müdafiə təqdim edir: “Bu sənədlərdə uşaqların hüquqlarının qorunması ilə bağlı 25 maddə mövcuddur. Nəzərə almaq lazımdır ki, silahlı münaqişələr dövründə uşaqlar çox ciddi ziyan çəkən kontingentdir. Ümumiyyətlə, dünyada 25 zonada müşahidə edilən silahlı münaqişələrin gedişində təxminən 28 milyon uşağın təhsil hüququ təmin edilmir. Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazisində yerləşən bir çox təhsil müəssisələri yerlə yeksan edilib, təxminən 800-ə yaxın məktəb dağıdılıb. Təkcə ikinci Qarabağ müharibəsi dövründə 54 məktəb yerlə yeksan edilib. Bu, Ermənistan tərəfindən yol verilən beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi dəyərləndirilib və birbaşa fərdi cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi işlər görür. Biz çox arzu edərdik ki, bu cür barbarlıq nümunəsi olan cinayətləri törədənlər Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versinlər”.

 

N.Səfərov qeyd edib ki, təhsil müəssisələrinin qorunması ilə bağlı digər mühüm sənəd isə 29 may, 2015-ci ildə Oslo şəhərində Norveç və Argentina hökumətlərinin təşəbbüsləri əsasında qəbul edilmiş "Məktəblərin təhlükəsizliyi haqqında" deklorasiyadır: “Nəzərə almaq lazımdır ki, bu, siyasi instrumentdir və onun hüquqi qüvvəsi olmasa da, dünyanın 111 dövləti onu bəyənib və sənədə qoşulub. Bu sənəd özündə beynəlxalq humanitar hüququn norma və prinsiplərini ehtiva edir və onun əsas məqsədi təhsil müəssisələrinin silahlı münaqişələr dövründə qorunmasıdır”.

 

Nəzrin Cavid

Tarix: 9 Sentyabr 2021, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin