Rusiya və Belarus arasında inteqrasiya proseslərini daha da dərinləşdirmək üçün 28 proqram üzrə razılığa gəlinib. Bu, Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında baş tutan görüşdən sonra məlum olub. Aydın olub ki, iki dövlət arasında 28 proqramın hamısı əlaqələndirilir. Burada söhbət iqtisadiyyatın müxtəlif sahələrində Rusiya və Belarus qanunvericiliyini birləşdirməyə, iki ölkənin təsərrüfat subyektlərinin iş şəraitini düzəltməyə, ortaq maliyyə və enerji bazarları qurmağa yönəlmiş 28 sözdə birlik proqramlarından gedir. Nəqliyyat sahəsi, ortaq sənaye və kənd təsərrüfatı siyasətinin formalaşdırılması və həyata keçirilməsi də bura daxildir. İlkin məlumatlara görə, bu razılaşmalar Minskdə Birlik Dövlətinin Nazirlər Şurasının iclasında təsdiqlənəcək və Birlik Dövlətinin Ali Dövlət Şurasının təsdiqinə təqdim olunacaq.
Moskva və Minsk arasında belə razılaşmanın əldə edilməsi Rusiyanın SSRİ formatında hansısa birlik modeli yaratmaq və onu genişləndirmək niyyətindən xəbər verir. Politoloq Cümşüd Nuriyev bu faktı Teleqraf.com-a şərh edərkən deyib ki, əslində Putinin planlarına görə, SSRİ 2024-cü ildə bərpa edilməli idi.
Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Britaniyanın Mİ6 və İsrailin Mossad kəşfiyyat xidmətlərinin verdiyi məlumatlara görə, Putin bu prosesi 2024-də həyata keçirməli idi:
“Ancaq Putin dünyada gedən prosesləri nəzərə alaraq bu layihəni bir qədər önə çəkib. Beynəlxalq mediada gedən analizlərə görə, bu layihə 2023-cü ildə başa çatdırılmalıdır. Putinin ilk olaraq Belarusu seçməsi də təsadüfi deyil. Ötən ilin avqustunda Belarusda keçirilən prezident seçkiləri zamanı xalqın Lukaşenkonu istəməməsi və Belarusda böyük askiyaların keçirilməsi Lukaşenkonu məcbur etdi ki Putinin şərtlərini qəbul etsin”.