Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində Kərki kəndinin yaxın zamanlarda Azərbaycana təhvil veriləcəyi ilə bağlı informasiyalar dolaşır. Belə ki, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov özünün Facebook hesabında Kərkinin tam boşaldıldığını, Zəngəzurun qərbinin Azərbaycanla sərhədlərində də kütləvi qaçışın müşahidə edildiyini yazıb. Bir neçə gün bundan öncə də Kərkinin qaytarılacağı, hətta Paşinyanın kəndin təhvil verilməsi barədə sənədə imza atdığı haqda məlumatlar yayılmışdı.
Pravda.az xəbər verir ki, anklav ərazilərin (Qazaxın 7 kəndi və Kərki) Azərbaycana təhvil veriləcəyi ilə bağlı məsələ çoxdan gündəmdədir. Hətta Ermənistanın Dilican vilayətinin qubernatoru Hayk Qalumyan 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam da imzalamışdı. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması da nəzərdə tutulurdu. Siyasi ekspertlər isə bunu həmin kəndlərin sakit və səssiz qaytarılacağı ilə əlaqələndirirdilər. Lakin hələlik bu istiqamətdə real addımlar atılmadığını müşahidə edirik.