İran-Ermənistan əlaqələri əlbəttə bu iki dövlətin suveren hüququdur və üçüncü tərəfə qarşı yönəlməyənə qədər bu münasibətlərin gedişatına müdaxilə etməyə ixtiyarımız yoxdur.
Lakin təəssüf ki, bu gün fars-hay qardaşlığı “dövlətlərin suveren əməkdaşlığı” prinsipinin sərhədlərini aşaraq bəşəri dəyərlər üçün təhdidə çevrilməkdədir.
Birincisi ona görə ki, İran beynəlxalq hüquqa və rəsmi Bakının iradəsinə zidd olaraq, icazəsiz Azərbaycan ərazilərindən separatçılara yükdaşıma fəaliyyətini davam edir.
Baxmayaraq ki, rəsmi Bakı aylardır bu məsələnin siyasi qalmaqala çevrilməməsi, qonşuluq münasibətlərimizə xələl gətirməməsi üçün əlindən gələni etməkdədir.
Amma görünən odur ki, erməni sevdası naminə rəsmi Tehran hər bir vəziyyətə, hətta, ortaq din və tarixi ənənələrə malik ən yaxın qonşusu ilə münasibətləri belə güdaza verməyə hazırdır.
İkincisi, İrandan gətirilən naməlum “yüklər” Azərbaycanın ərazi bütövlüyünü təhdid edən separatçılar üçün daşınır ki, bu da qondarma rejimə ayaqda qalması üçün açıq dəstək deməkdədir.
Mollakratiya ola bilsin ki, beynəlxalq hüquq normalarını görməzdən gəlir, amma İran hökuməti ən azından özünün Ali dini liderinin Azərbaycanın ərazi bütövlüyünə dair verdiyi ədalətli bəyanata hörmətlə yanaşmalıdır.
Eyni zamanda, cənub qonşumuz unutmamalıdır ki, həmin yüklərin nədən ibarət olması Azərbaycana dəqiqliklə bəllidir, həmin yüklərin regionda hansı balansın pozulmasına xidmət etdiyi də gün kimi aydındır sadəcə, bütün körpüləri yandırmamaq, mehriban qonşuluq və dostluq münasibətlərini qorumaq naminə, rəsmi Bakı hələ ki, susur.