BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev komandası ilə birlikdə bu istiqamətdə mühüm işlər görür” – Rəsul Quliyev

“Azərbaycanın müdafiəsi və müstəqilliyinin möhkəmləndirməsi istiqamətində aparılan xarici siyasət fövqaladə əhəmiyyət kəsb edir. Avropa-Asiyanın böyük bir ərazisində (Türkiyə-Pakistan-Azərbaycan) hərbi alyans yaradılıb. Bu alyansın ən müasir silahları, ən hazırlıqlı ordusu ilə yanaşı nüvə silahı da mövcuddur. Hesab edirəm, bu proses inkişaf etdirilməli və NATO tipli müdafiə sisteminə bənzər qurum yaradılana qədər irəliləməlidir. Fikrimcə, Prezident Əliyev bu istiqamətdə çox ciddi iş aparmaqdadır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

Sabiq spiker qeyd edib ki, Ermənistanda Nikol Paşinyanın hökuməti ölkəsinin azad olmasını istəyir, başqa sözlə Putin Rusiyasından yaxasını qurtarmağa çalışır, amma bacarmır: “O, Rusiyanın Ermənistanda olan Köçəryan tipli yaramazları siyasi proseslərə cəlb edib dövlət çevrilişi edəcəyindən, ardınca da işğal altında olan Krım sayağı “seçkilər” keçirib Ermənistanı quberniyaya çevirəcəyindən ehtiyatlanır. Azərbaycanda nəinki Putin, hətta ondan da beş-betər nasional sosialist artıq heç bir çevriliş edə bilməz. Buna baxmayaraq Azərbaycan orduda, polisdə, yüksək rütbəli məmurlar arasında Rusiya agentlərini aşkar edib zərərsizləşdirmə prosesini aktivləşdirsə, çox yaxşı olar. Paralel olaraq Azərbaycan din pərdəsi altında maskalanmış, dini idarələrində gizlənmiş daha təhlükəli İran agentlərini zərərsizləşdirməlidir. Kiminsə Azərbaycan ordusunun qələbəsi ilə bağlı “İran İslam Respublikasının dini liderinin fətvasına görə baş tutdu” iddiası çox təhlükəlidir. Deməli, bu insan bizə sağlam münasibət bəsləməyən birisini ölkəmizdə təbliğ edir. Onları zaman itirmədən zərərsizləşdirmək lazımdır. Çoxu özünü gicbəsər, yaltaq göstərməklə təlxəklik edirlər. Tarixdə saray təlxəklərinin dövlət çevrilişlərində rolları geniş yer almaqdadır. Hesab edirəm ki, tarixdə baş vermiş bu tip təhlükəli hadisələri heç kim unutmamalı, yaşanmış hadisələrdən öz gələcəyimiz üçün örnək almalıyıq”.

 

R.Quliyev əminliklə ifadə edib ki, Paşinyan Fransa prezidenti Emmanuel Makronla və ABŞ dövlət katibi Entoni Blinkenilə gizli danışıqlar aparır və Putindən yaxa qurtarmaqda ona kömək etmələrini xahiş edir: “Təbii ki, onların əlindən bir iş gəlmir. Ona görə də “Sən Qarabağda ermənilərə status verilməlidir tələbi ilə çıxış et, ölkənin daxilində hakimiyyətini möhkəmləndir, bu işimizi asanlaşdırar” tipli məsləhətlər verirlər. Paşinyan bu nağıllara, əlbəttə, ki, inanmır. O yaxşı bilir, Qarabağ ermənilərinə status tələbi onu Azərbaycandan daha da uzaqlaşdırır. Bu nə onun, nə də Ermənistanın xeyrinə deyil. Heç şübhəsiz ki, yeganə yol Türkiyə və Azərbaycanla müqavilə bağlamaq, səfirliklər açmaq, Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə dəmir yolunu bərpa etmək və tikməkdədir. Ermənistan sərhədlərin  delimitasiyası məsələsində heç kimin iştirakı olmadan Azərbaycanla müzakirə etməli (Sovetlər dağılanda bu sərhədlərin xəritəsi var idi, yenidən amerika kəşf etmək lazım deyil), müqavilə bağlamalı, Azərbaycanla sərhəd qoşunlarının postlarını birlikdə inşa etməlidir. Rusiya və ya başqa bir dövlət bu işə qarışmamalıdır. Hesab edirəm ki, bütün bunların fonunda Azərbaycan Türkiyə-Pakistan-Azərbaycan müdafiə alyansını əbədiləşdirməyə cəhd etsə, çox yaxşı olar. 2023-cü ildə həm Türkiyədə, həm də Pakistanda baş nazir, prezident və parlament seçkiləri keçiriləcək. Pakistanın və Türkiyənin indiki prezidentlərinin yenidən seçilə bilməsi sözsüz sual altındadır. Keçən seçkilərdə Ərdoğan zəif rəqibinə 52 faizlə qalib gəlmiş oldu, böyük şəhərlərin İstanbul, Ankara, İzmir və sair yerlərdə seçkiləri uduzdu. Baxmayaraq ki, son illər Ərdoğanın apardığı müstəqil siyasət onun avtoritetini, siyasi nüfuzunu xeyli artırıb, amma demokratik seçkidə hər şey dəyişə bilər… Mən Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycana münasibətin dəyişəcəyinə inanmıram. Amma məsələn sosialistlərin prezidenti Ərdoğan kimi qətiyyətli olmayacaq. Avropa ilə dil tapmağa, Rusiya ilə əlaqələrini zəiflətməyə çalışacaq. Pakistanda da Bhutto dinastiyası hakimiyyətə gələ bilər. Onun da Azərbaycana münasibəti fərqli ola bilər. Ona görə də 2023-cü ilə qədər Azərbaycan-Türkiyə-Pakistan münasibətləri ən yüksək, daha doğrusu geri dönüşü olmayacaq zirvəyə yüksəltmək mütləqdir. Prezident Əliyev komandası ilə birlikdə bu istiqamətdə mühüm işlər görür, onlara uğurlar… Düşünürəm ki, Ermənistanla münasibətləri normallaşdırıb, sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsi tələbini qoymaq lazımdır. Ona qədər Laçın dəhlizində sərhəddə Azərbaycan sərhədçilərinin dayanmasına nail olmaq mütləqdir. Xarici, eyni zamanda Ermənistan vətəndaşları viza olmadan Azərbaycana buraxılmamalıdır. Düşünürəm ki, bütün bunlar ölkəmizin daha sürətli inkişafına təkan vermiş olar. Bir daha uğurlar…”

Tarix: 13 Sentyabr 2021, 22:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin