İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır”.
Birincisi Tehran onu araşdırmalıdır ki, İranın hansı strukturu yanacaqla dolu nəqliyyat vastiələrini Azərbaycan sərhədini pozaraq erməni separatçılarına yanacaq məhsulları daşıyır. Bu nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğundur. Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır.
İkincisi, Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var. Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Aydındır ki, Azərbaycan bu işi erməni separatçılarını himayə edən dövlətlərlə edə bilməz və etməməlidir.
Üçüncüsü, Azərbaycanın Xəzərdə zəngin enerji yataqları var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur. Azərbaycanın Xəzər dənizindən hasil etdiyi neft və qazı məhz Türkiyə üzərindən dünya bazarlarına daşınır. Demək Xəzərdəki yataqların və boru xətlərinin təhlükəsizliyi həm də Türkiyə üçün əhəmiyyətlidir.