BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksinlər 4-5 ildən sonra ağır fəsadlar verəcək?

Azərbaycanda son günlər koronavirusa yoluxma sayı nisbətən azalsa da, ölüm sayları azalmır. Son statistik məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

 

 İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, ötən müddət ərzində isə ümumilikdə 4 661 119 test aparılıb.

 

Bu arada TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının istefa verməsi xəbəri ölkə gündəmində müzakirələrə səbəb olub. İndiki həssas zamanda TƏBİB sədrinin vəzifədən imtina etməsi birmənalı qarşılanmayıb.  Bununla belə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. Qeyd edək ki, TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev də vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

 

Bu arada Türkiyənin vitse-prezidenti Fuad Oktay “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər. F.Oktay bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır.

 

Ümumdünya Səhiyyə Təşkilatından isə pandemiyanın vaksinasiya ilə bitəcəyinə şübhə etdiklərini deyiblər. ÜST-in Avropa bölməsinin rəhbəri Hans Klüge deyib ki, dünya ölkələrində koronavirusa yoluxma sayının artmasının bir nömrəli səbəbkarı olaraq göstərilən “Delta” variant ÜST-i narahat edir.

 

O, əvvəlcə qlobal miqyasda vaksinasiyanın 70 səviyyəsinə çatdığı halda pandemiyanın başa çatacağını düşündüklərini, lakin artıq fikirlərini dəyişərək buna şübhə etdiklərini bildirib. Klügenin sözlərinə görə, hazırda təşkilat peyvəndin əlavə dozaları barədə müzakirələr aparır.

 

Çexiya sakinləri isə artıq digər dərmanlara üstünlük verərək Amerikanın AstraZeneca şirkətinin istehsal etdiyi peyvəndlə koronavirusa qarşı peyvənd olunmaq istəmirlər. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Daniel Kaple məlumat verib. Onun sözlərinə görə, respublika hakimiyyəti bu peyvəndin on minlərlə dozasını məhv etmək məcburiyyətindədir. Xüsusilə bu ay bu dərmanın yalnız 800 dozası istifadə edildiyi halda, 20 min dozası atılmalıdır. Gələn ay daha 45 min məhv ediləcək.

 

Bizim ölkəmizdə isə vaksinlərlə bağlı yenə də müxtəlif şayiələr dolaşmaqdadır. Bu dəfə isə bəziləri iddia edir ki, vaksinlər 4-5 ildən sonra ağır fəsadlar, xəstəliklərə səbəb olacaq.

 

Peyvəndləmə ilə bağlı dünyada və ölkəmizdə yaranan bu qarışıq vəziyyət barədə Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat”a danışıb: “”TURKOVAC"-ın 3-cü mərhələsinin nəticələri hələ ki açıqlanmayıb.  İlkin olaraq kiməsə tətbiq olunmayıb. İlkin araşdırmalar aparılmadığına görə bir söz  demək mümkün deyil. Əgər aparlarsa, müsbət nəticələr olarsa, niyə də bizim ölkəmizdə tətbiq olunmasın".

 

İnfeksionist ÜST-in vaksinlərlə bağlı pessimist fikirlərinə də münasibət bildirib: “Pandemiya ilə bağlı əvvəlcədən epidemik proqnoz vermək düzgün deyil. Gələn il, yoxsa o biri il pandemiya bitəcək deyilməsi doğru deyil. Istər ÜST, istərsə də başqa təşkilat, ya da mütəxəssis olsun proqnoz   verilməsini düzgün hesab etmirəm. Çünki heç kim bilmir, pandemiya nə vaxt bitəcək. Təbii ki, vaksin effektlidir. Amma pandemiya davam edilən müddətdə şəxs vaksin olunur, bunun da effektliyi 4-5 ay davam edir. Bu müddətdən sonra insan yenə xəstələnir. Yaxud 3 aydan sonra da xəstələnə bilər. Nə qədər pandemiya davam edirsə, 3-cü, 4-cü dozaların vurulma zərurəti ortaya çıxa bilər. Digər tərəfdən də koronavirus daim mutasiyaya uğrayır. Mutasiyaya uğradığı ştammlardan variantlar yaranır. Variantlardan yeni variantlar yaranır. Və bu sonsuza qədər davam edir. Belə mutasiyalar olduğu zaman vaksinin də get-gedə effektlik dərəcəsi az da olsa aşağı düşür. Aparılan müalicə də əvvəlkilər qədər effektli olmur. Baxmayaraq ki, buna qarşı konkret preparat yoxdur”.

 

V.Cavadzadə “AstraZeneca” vaksini ilə bağlı deyilənlərə də fikir bildirib: “Mən vaksindən tamamilə imtina edilməsinə tərəfdar deyiləm. Vaksinin rolu var. Vaksinlər yanaşı xəstəliyi olanlar üçün effektlidir. Amerikada vaksin olunanlarla olunmayanlar arasında ilkin tədqiqatlar aparıblar. Məlum olub ki, vaksin olunanlar arasında ölüm halları 10 dəfə az baş verir. Vaksin olunmayanlar arasında isə ölüm halları 10 dəfə çoxdur. Yaxud da xəstəliyi vaksin olunanlar yüngül keçirir. Bu halda vaksinasiyadan imtina etmək olarmı?!

 

AstraZeneca-nın mənfi effekti barədə deyilənlərlə razılaşmıram. Dünyanın neçə ölkəsi ondan istifadə edir. İngiltərədə də istifadə olunur. İndi istifadə olunan bütün vaksinlərin əlavə təsirləri ola bilər. O demək deyil ki, hansısa vaksindən tamamilə imtina etmək lazımdır. Nə qədər pandemiya davam edəcəksə, o qədər də vaksinasiya prosesi davam edəcək".

 

İnfeksionist “vaksinlər 4-5 ildən sonra ağır fəsadlar, xəstəliklərə səbəb olacaq” kimi iddialara da cavab verib: “Vaksinlərin 4-5 ildən sonra mənfi effekt verəcəyi ilə bağlı fikirlər tamamilə yanlışdır. Vaksin 1-2 il istifadə olunan preparat deyil ki. Peyvəndlərin yüz illərlə tarixi var. Uşaq anadan olandan 3 gün sonra ona vərəm, poliemelit, tetanus, göy öskürək, difteriya əleyhinə vaksinlər vurulur. O insan böyüyür, 70-80 yaşa çatır, vaksinlərin hər hansı bir xoşagəlməz təsiri olubmu? Xeyr. Insanlar, sadəcə olaraq, öz düşüncəsini ortaya qoyur, vaksindən qorxurlar. Narkotik, başqa zərərli vərdişi olan da deyir ki, vaksin olunmayacam, vaksin ziyandır. Narkotikin mənfi təsiri çoxdur, yoxsa vaksinin? Yaxud da insanlar o qədər əlavə dərmanlar qəbul edirlər, onların əlavə təsirləri vaksindən milyon dəfə çoxdur. İnsanlar anlamalıdır ki, xəstəxanada ölməmək üçün vaksin olunmaq lazımdır. ”Delta" variant üçün konkret dərman preparatı yoxdur. Onun üçün mütləq hər kəs özünü qorumalıdır. Insanlar maskasız gəzir, tətbiq edilən qaydalarla razılaşmırlar. Amma nəticə ilə barışmırlar. Tək bizdə deyil, dünyanın 200-dən artıq ölkəsi bu gün koronavirusdan əziyyət çəkir, ona görə vaksin olunmaq, qaydalara əməl etmək vacibdir".

 

Yeri gəlmişkən, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 1266 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.

Tarix: 14 Sentyabr 2021, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin