BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvənd olunmayıb, tədrisdən kənar qalan müəllimlərin maaşı necə veriləcək?

Təhsil Nazirliyi tərəfindən vaksinasiya prosesində iştirak etməyən müəllimlərin təhsil müəssisələrinə girişlərinin qadağan olunacağı açıqlanıb. Bildirilib ki, işçilər əks-göstəriş sertifikatını tədris ili başlayana qədər əldə etməlidirlər.

 

Çünki COVİD-19 pasportu və əks-göstəriş sertifikatı olmayan müəllimlər ali və ya orta təhsil müəssisələrinə buraxılmayacaqlar. Bəs görəsən, onların əmək haqlarının ödənilməsi necə aparılacaq? Təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVİD-19 əleyhinə vaksinasiyadan keçib. Hazırlanmış siyahılar əsasında ciddi monitorinqlər aparılacaq. Nazir müşaviri vaksinasiyada iştirak etməyən və əks-göstəriş sertikifatı olmayan müəllimlərin əmək haqlarının ödənilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu qeyd edib.

 

“Təhsil müəssisələrinə buraxılmayan müəllimlərin dərs saatlarında heç bir axsama olmayacaq. Bundan başqa, məktəblərdə və universitetlərdə vaksinasiya məntəqələrinin sayı artırılacaq. Həmçinin tələbələr də universitetlərin girişində yoxlanılacaqlar, - deyə müşavir qeyd edib.

 

Rüstəm Ağayev bildirib ki, 11-ci sinif şagirdlərinin vaksinasiya prosesində iştirakı ilə bağlı hələ konkret qərar verilməyib. Müəllimlərin könüllü əsaslarla həyata keçirilən vaksinasiya prosesindən keçmədiyi üçün tədrisdən kənarlaşdırılması və əmək haqqı məsələsinin də sual altında qalması əmək hüquqlarına ziddirmi? Ölkədə bu gün  peyvəndləmə qanunla məcburi deyil. O halda işə buraxılmayan müəllimlərin əmək haqqı necə olacaq, kəsiləcəkmi? Onlar məhkəməyə müraciət edərlərsə, hakim kimin xeyrinə qərar çıxaracaq - məktəbin, yoxsa müəllimin? Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bu məsələlərin tənzimlənməsi ilə bağlı qanunda müəyyən qədər boşluq var: “Nazirlər Kabinetinin iki gün əvvəl imzaladığı qərarda qeyd olunur ki, tədris prosesi 2020-ci ilin sentyabrında imzalanmış qərara uyğun həyata keçiriləcək. Orada isə qeyd olunur ki, yaşı 65-dən yuxarı olanlar tədris prosesində iştirak etməyəcəklər. Təhsil Nazirliyi artıq orta ümumtəhsil məktəblərində müəllim kimi çalışan 65-dən yuxarı olan heç bir müəllimlə əmək müqaviləsi imzalamır. Onlarla imzalanmış əmək müqavilələrinə də  xitam veriləcək. Birmənalı şəkildə bu, vakant yerlərin yaranmasına gətirib çıxarır. Yəni bu, gənc kadrların orta ümumtəhsil məktəblərində işə qəbuluna imkan verir. O cümlədən təcrübəli, fiziki hazırlığı hələ də dərs keçməyə imkan verən müəllimlərin müəyyən qədər tədrisdən kənarda qalmasına gətirib çıxara bilər. Amma ümumilikdə biz bilirik ki, Əmək Məcəlləsinin tələblərinə də qeyd olunur ki, ilin ən yaxşı müəllimləri ilə, bu və ya digər hallarda orden və medal almış şəxslərlə təhsil müəssisələri ilə bağlanmış müqavilələr uzadıla bilər. Sentyabr ayının 22 və 29-dan sonra təkcə yaşı 65-dən yox, 60-dan yuxarı olanlar da, o cümlədən yaş həddindən asılı olmayaraq vaksin olunmayanlar da, əks-göstəriş sertifikatı da yoxdursa, birmənalı şəkildə tədrisə buraxılmayacaqlar. Lakin onlarla bağlanmış müqaviləyə xitam verilməyəcək. Onlar dərs saatlarına uyğun olaraq əmək haqqını müvəqqəti olaraq əvəzedici  qaydada alacaqlar. Kimlər ki, bu və digər səbəbdən vaksin vurdurmayıb, əks-göstəriş sertifikatı yoxdur, onların dərs saatına uyğun saathesabı qaydada əmək haqları hesablanacaq. Onlar müəyyən qədər onlayn dərslərə cəlb ediləcək, çünki Nazirlər Kabinetinin son qərarında qeyd olunur ki, tədris prosesində iştirak könüllülük əsasında aparılacaq. Bu o deməkdir ki, müəllimlərimizin əmək haqlarının ödənilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bütün müəllimlər bilməlidirlər ki, ənənəvi qaydada tədrisdə iştirak etməyəcəklərsə, saat hesabı qaydada onların əmək haqlarının ödənilməsi həyata keçiriləcək”.

 

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, pandemiyanın aradan qaldırılması üçün insan haqları da, əmək hüquqları da müvəqqəti məhdudlaşdırıla bilər: “Əmək Məcəlləsinə görə, elə  kateqoriyaya işçilər var ki, onlar işə çıxmaq üçün ciddi müayinədən keçməlidirlər və bu tibbi müayinədən üzrlü səbəbə keçməyənlərlə bağlı işəgötürənin ixtiyarı var ki, işdən kənarlaşdırsın. Bu cür işdən kənarlaşdırmaq zamanı həmin işçilərə əmək haqları ödənilmir. Bu, ümumi hal üçün nəzərdə tutulub. Bütün dünyada olduğu kimi Azərbaycanda da hazırda pandemiya mövcuddur və hər yerdə olduğu kimi qanunvericilik bu duruma hazır deyil. Bu gün spontan olaraq Cinayət Məcəlləsinə, Inzibati Xətalar Məcəlləsinə hansısa dəyişikliklər edildi, cərimələr müəyyən edildi. Əmək Məcəlləsində isə bu məsələ dolayı yolla şərh olunur, öz əksini tapır. Müəllimin üzrsüz səbəbə vaksinasiyadan keçməməsi və virus yaymaq riskinin olması səbəbindən işəgötürənin əmək qanunvericiliyinin tələblərinə əsasən müəllimi işdən kənarlaşdırmaq hüququ var. Konstitusiyamıza və beynəlxalq normalara gəlincə, bizim tərəfdar çıxdığımız beynəlxalq hüquq normaları da imkan verir ki, bəzi hallarda insan hüquq və azadlıqları məhdudlaşdırılsın.

 

Onlara arasında  epidemiyaların yayılmasının qarşısının alınması da var. Epidemiyanın qarşısının alınması üçün insanların hərəkətləri məhdudlaşdırıla bilər. Onların hüquqlarının məhdudlaşdırılması beynəlxalq insan hüquqları prinsipindən geri çəkilmək sayılmır. Vaksinləşmə könüllüdür. Bu könüllülük nəyi ehtiva edir? Mən iki ildən artıqdır ki, iri ticarət mərkəzlərinə, supermarketlərə, restoranlara getmirəm və ya haradasa işləmirəm. Eyni zamanda qadağa qoyulan yerlərə getmirəm və bu halda məni heç kim vaksinləşməyə məcbur edə bilməz. Yalnız qaydalara uyğun olaraq şəhərə çıxa bilərəm, açıq havada ola bilərəm. Bu isə mənim öz seçimidir və bu çərçivələrə əməl edirəm. Könüllülük bu deməkdir. Yəni könüllü vaksin vurdurur, ya da könüllü olaraq məhdudiyyətlərə əməl edirsən. Avropada da könüllülük məsələsi bu cür anlaşılır, yəni könüllü olaraq məhdudiyyətləri qəbul etmək. Məsələn, xarici ölkəyə getmək istəyirsənsə, onda xüsusi tələblər var, ya immun sertifikatı, ya da Covid pasportu olmalıdır. Könüllülüklə qoyulan məhdudiyyətlər ziddiyyət təşkil etmir, yəni bu qoyulan bütün məhdudiyyətləri könüllü olaraq qəbul etmək deməkdir. Xəstə bir adamın, yoluxmuş bir şəxsin ictimai yerdə yolla getməsi, bir terrorçunun əlinə avtomat alıb sağa-sola atəş açaraq getməsinə bərabər bir şeydir. Ona görə də hər kəs məsuliyyətini dərk etməli və qaydalara əməl etməlidir. Peyvənd kömək edir, ya etmir, bu  haqda mübahisələr çoxdur. Amma bu gün tibb elminin əlində olan yeganə müdafiə silahı peyvənddir və dövlət qayda qoyur”.

Tarix: 14 Sentyabr 2021, 10:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin