BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır" - Prezident

“Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz”.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

 

Prezident bildirib ki, dövlət hər şeyi öz boynuna götürə bilməz: “Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar”.

 

Dövlət başçısı qeyd edib ki, ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir: “Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam. Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır”.

 

Prezident İlham Əliyev bildirib ki, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər: “Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.

 

Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar”.

 

İlham Əliyev deyib ki, ictimai nəzarət güclü olmalıdır: “İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır”.

Tarix: 14 Sentyabr 2021, 14:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin