Azərbaycanda son iki gündə iki məhsulun bahalaşması ciddi müzakirələrə səbəb olub: benzin və çörək. Bunlardan birincidə bahalaşan “varlı”ların benzinidirsə, ikincidə söhbət milyonlarla insanın qida rasionunda mühüm yer tutan çörəkdən gedir.
Dünəndən etibarən ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti qaldırılıb: birinci 1,45 manatdan 1,60 manata, ikinci isə 1,60 manatdan 1,90 manata. Bu benzinlərin ikisi də iyunun əvvəlində 15 qəpik, Aİ-95 isə iyulun 31-də daha 5 qəpik bahalaşmışdı. Bu benzinlərin yeganə idxalçısı olan SOCAR-dan bahalaşmanın mənşə ölkəsindəki qiymət dəyişikliyindən irəli gəldiyi açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyulunda ölkəyə 60 milyon 361,07 min dollar dəyərində 85 min 680,79 ton Aİ-95, 1 milyon 272,89 min dollar dəyərində 1 min 563,19 ton Aİ-98 markalı benzin idxal olunub. Beləliklə, 7 ayda Aİ-95 markalı benzinin orta idxal qiyməti 70 sentə (1,19 manata), Aİ-98 markalı benzinin orta idxal qiyməti isə 81 sentə (1,38 manata) bərabər olub.
Bu müddətdə Azərbaycandan xaricə 13 milyon 296,87 min dollar dəyərində 25596,78 ton Aİ-92 markalı benzin ixrac edilib. Bu o deməkdir ki, Aİ-92 markalı benzinin hər litrini xaricə 51 sentə - yəni 86,7 qəpiyə satmışıq. Daxili bazarda isə bu benzin istehlakçılara 1 manata satılır. Yanvar-avqust aylarında Azərbaycanda 804,3 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir. Sentyabrın 1-nə ölkədə cəmi 35,9 min ton benzin ehtiyatı olub.
Son bahalaşma Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalının hələ də təmin olunmaması problemini yenidən aktuallaşdırır. Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda yeni və müasir texnologiyalı neft emalı zavodunun tikilməsinə dair qərar qəbul olunmuş, Qaradağ rayonu ərazisində yer müəyyənləşdirilmiş, ilkin hazırlıq işlərinə başlanmışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi. Vəsaitlərə qənaət etmək üçün köhnə zavodun modernləşdirilməsinə qərar verildi. İlkin qiymətləndirmələrdə bu prosesin dövlətə 850 milyon dollara başa gələcəyi proqnozlaşdırılırdı. Lakin aparılan araşdırmalar göstərdi ki, zavoddakı 17 emal qurğusunun hamısının istismar müddəti bitib və yenilənməlidir. Buna görə də modernləşdirmənin dəyəri 2 milyard dollara qədər artırıldı. 2019-cu ildə mətbuata sızan məlumatlarda bu məbləğin 3 milyard dollara qədər yüksəldiyi bildirilsə də, hökumət konkret rəqəmi hələ də açıqlamayıb. Eyni zamanda modernləşmənin nə vaxt başa çatacağı, ölkədə Aİ-95 markalı benzinin istehsalına nə zaman başlanacağı da dəqiq bilinmir. İlkin olaraq - 2015-ci ilin əvvəlində planlaşdırılırdı ki, zavodun modernləşməsi 2018-ci ildə başa çatacaq, Aİ-95 və Aİ-98-in istehsalına başlanacaq. Daha sonra müddət 2020-ci ilə, 2022-ci ilə, 2023-cü ilə çəkildi. İndi isə tam modernləşmənin 2025-ci ildə başa çatacağı gözlənilir. Modernləşmə nəticəsində zavodun illik neft emalı gücünün 7,5 milyon tona çatdırılması nəzərdə tutulur. Ehtimal olunur ki, zavodda Aİ-95 benzininin istehsalına 2022-ci ildə başlamaq mümkün olacaq.
Çörəyin qiymətinə gəlincə, artıq iki gündür bir neçə iri zavodun istehsal etdiyi çörəyin qiymətini 5-10 qəpik arası artırdığına dair məlumat yayılır. Belə məlumatların yayılması təsadüfi deyil: Azərbaycan hökuməti buğda və un idxalının ƏDV-dən azad olma qərarını ləğv etməyə hazırlaşır. Eyni zamanda un istehsalına görə sahibkarlara verilən subsidiyaların da aradan qaldırılması nəzərdə tutulur. Bu,Bir neçə gün əvvəl açıqlanan “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sından da aydın olur.
Azərbaycan ərzaqlıq buğdanın demək olar ki, hamısını xaricdən idxal edir. Buna görə də daxildə çörəyin qiyməti buğdanın dünya bazar qiymətindən birbaşa asılıdır. Dünya bazarında isə buğda durmadan bahalaşır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyulunda Azərbaycana xaricdən 103 milyon 772.28 min dollar dəyərində 408 825.59 ton buğda idxal olunub. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 100.13 min ton təşkil edib. Ötən ilin yeddi ayında Azərbaycana 94 milyon 37.45 min dollar dəyərində 434 min 554.80 ton buğda gətirilmişdi. Bu ilin yeddi ayında buğdanın 1 tonunun idxal qiyməti 253,8 dollar, ötən ilin eyni dövründə isə 216,4 dollar təşkil edib. Bu o deməkdir ki, buğdanın idxal qiyməti 20,6 faiz bahalaşıb.